Bakı və İrəvan sülhə yaxındır TƏHLİL

Bakı və İrəvan sülhə yaxındır TƏHLİL
21 İyl 2025 09:23
Şuşa Qlobal Media Forumunun iştirakçılarının suallarını cavablandıran Prezident İlham Əliyev Ermənistanla davam edən sülh danışıqları, xüsusilə son olaraq Abu-Dabidə qapalı qapılar arxasında keçirilmiş görüşün atmosferi barədə müəyyən ipucları verdi.
1. Əldə olunmuş razılaşmanın paraflanması ideyası Azərbaycana məxsusdur və rəsmi Bakı bunu dəstəkləyir. Bu nə deməkdir? Bu, Azərbaycanın Qafqaz regionunda sülh və təhlükəsizlik gündəliyinə sadiq olduğunu nümayiş etdirir. Eyni zamanda rəsmi Bakı anlayır ki, 8-9 ay sonra Ermənistanda seçkilər keçiriləcək və bu seçkilərin nəticəsində Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, rəsmi Bakı “sülh prosesindən çəkildi” kimi ittihamlardan sığortalanmış olacaq. Bu addım, həmçinin Azərbaycanın sülh gündəliyinə sadiqliyini göstərir.
Sənədin indi paraflanması eyni zamanda Nikol Paşinyan və komandasının seçkilərdə mövqeyini gücləndirəcək. Artıq “Azərbaycanla münaqişə” mövzusu seçki gündəliyində olmayacaq. Əksinə, Paşinyan seçkilərdə “mən olmasam, sülh olmayacaq” mesajını verəcək və öz seçki aktivini artıracaq. Sülh istəyənlər Paşinyan ətrafında məcburi birləşməli olacaqlar.
2. Şuşa Qlobal Media Forumunda diqqət çəkən digər məqam Zəngəzur dəhlizi ilə bağlı idi. Prezident İlham Əliyev bir mənalı şəkildə Zəngəzurdan Azərbaycana məxsus istənilən nəqliyyat vasitəsinin yoxlanılmasının əleyhinə olduğunu bildirdi. Bunun üçün səsləndirdiyi arqument əsaslıdır: Sovet dövründə həmin yoldan keçən nəqliyyat vasitələri müəyyən hücumlara və təzyiqlərə məruz qalıb. Azərbaycan bunu nəzərə alaraq vətəndaşlarını bir daha risk altına atmaq istəmir.
Burada başqa bir vacib məqam da ondan ibarətdir ki, sülh müqaviləsi imzalandıqdan və tərəflər arasında münasibətlər qurulduqdan sonra qarşılıqlı giriş-çıxış üçün viza rejimi böyük ehtimalla tətbiq ediləcək. Əgər Zəngəzur dəhlizi Ermənistan tərəfindən yoxlama prosedurları ilə açılarsa, bu o deməkdir ki, hər kəs Ermənistan ərazisindən tranzit istifadəsi üçün viza almalı və rüsum ödəməlidir. Bu isə dəhlizi qeyri-effektiv edər və belə olan halda daha çox faydanı üçüncü ölkələr əldə edə bilər.
Ona görə də, əgər bu dəhlizdən istifadə ilə bağlı razılıq əldə edilərsə, belə bir mexanizm tətbiq edilə bilər ki, sərhədə yaxınlaşan Azərbaycana məxsus nəqliyyat vasitələri öz gömrük orqanlarımız tərəfindən plombalana bilər və Ermənistan ərazisinə daxil olduqdan sonra dayanmadan bu ərazini tərk etmək məcburiyyəti ilə hərəkət edə bilər.
İstənilən halda, Prezident İlham Əliyev sülhə yaxın olduğumuzu açıq şəkildə bəyan etdi.
Aqil Məmmədov, politoloq

Sizin reklam burada
Sizin reklam burada