Azərbaycanlılar kitab oxumaqda niyə maraqlı deyillər?

Azərbaycanlılar kitab oxumaqda niyə maraqlı deyillər?
10:20
Dünyada ən çox kitab oxuyan ölkələrin siyahısı açıqlanıb: Cənubi Qafqazda Gürcüstan 62-ci, Ermənistan 63-cü, Azərbaycan isə 82-ci pillədədir.
“World Population Review”
Yaxşı göstərici deyil. Bizim aşağı pillədə qərarlaşmağımızın səbəbi nədir? Əlbəttə ki, orta və yaşlı nəslin kitab oxumaması əsas səbəblərdən biridir. Mən tez-tez kitab mağazalarında oluram. Bunu kitab satıcılarından soruşmaq olar. Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Texniki Universitet, İnşaat və Memarlıq Universitetinə yaxın "Libraff" və "Akademkitab" mağazaları yerləşir. Mən hələ indiyə qədər bu mağazalarda AMEA əməkdaşları və adını çəkdiyim Universitetlərin əməkdaşlarını görməmişəm. İkinci səbəb: İnsafən Bakıda yerləşən bir neçə böyük kitab mağazaları sırf elm sahələri və elmi -populyar ədəbiyyatlar istiqaməti üzrə xeyli kitablar satışa çıxarırlar. Bu ədəbiyyatlar alimlər və geniş oxucu kütləsi üçün vacib olan çeşiddir. Həmin kitablar illərlə kitab mağzalarında qalır. Bunun özü də onu göstərir ki, bu ədəbiyyatlarla maraqlanan yoxdur. Üçüncü səbəb: Kitab mağazalarının azlığıdır. “Kitab passajı”, “Kitab evi”, "Siyasi ədəbiyyat", "Texniki ədəbiyyat" kimi fəaliyyət göstərən geniş və funksional kitab məkanları ləğv olundu. Yeganə Bukinist zirzəmidə yerləşir. Rayonlarda demək olar ki, kitab mağazaları yoxdur.
Müşahidələrim əsasında deyə bilərəm ki, kitab mağazasına gələnlərin tam əksəriyyəti gənclərdir. Təəssüflər olsun ki, onlar da əsasən detektiv ədəbiyyatlar alırlar. Orta və yaşlı nəslin kitaba ögey münasibəti gənclərə də aşılanıb. Vaxtilə talonla satılan və kitablara abunə olanların növbəsi yaranırdı. Böyük alimlərin, yazıçıların və incəsənət xadimlərinin vəfatından sonra onların kitabları artıq əşya kimi çölə atılır.
İndi təsəvvür edin: alimin və yazıçının evində kitabdan başqa maraqlı olan hansı əşya diqqəti çəkə biilər.
Bir dəfə ölkənin Baş Universiteti BDU-nun kitabxanasına baş çəkdim. Kitabxana Sovetlərdən bəri yenilənməyib. Kataloqlar bomboş, “Baş fond”u hörümçək toru basmışdı. Universitetlərdə “Mütaliə klub” larının yaradılması təklifini vermişdim. Nəticə olmadı…
Universitet müəllimləri tələbələrə yeni ədəbiyyatlar barədə məlumat verə bilmirlər. Çünki özləri oxumur.
Dördüncü səbəb: Xarici ədəbiyyatların tərcüməsində qüsurlar mövcuddur. Tərcümə çox mürəkkəb peşədir. Elmi ədəbiyyatları filoloq tərcümə edə bilməz. Kitabların böyük əksəriyyəti orijinaldan (ingilis, alman, fransız dilləri nəzərdə tutulur) deyil, rus dilindən tərcümə olunur. Bu da əlbəttə ki, məzmuna təsir göstərir. Alimlərimizin yazdıqları kitablar təşviq olunmur və bəzən kitabı tələbəyə alimin özü satır.
Beşinci səbəb: Bizdə çap olunan kitabların qiyməti çox bahadır. Oxucunu qaçırır. Bu gün ölkədə kitbı təbliğ edənlərin əksəriyyəti naşılardır və yalnız pul qazanmaq məqsədi güdürlər.
Kitab sərgilərində isə kitabla şəkil çəkdirməkdən başqa heç nə yadda qalmır…
Etibar Əliyev, təhsil üzrə ekspert

Sizin reklam burada
Sizin reklam burada