Kənd uşağı idi, indi Holluvud ulduzları onun tikdiklərini geyinir

Kənd uşağı idi, indi Holluvud ulduzları onun tikdiklərini geyinir
10:16

Azərbaycanlı moda dizayneri Milanda necə şöhrət qazanıb?

Gürcüstanda doğulmuş azərbaycanlı moda dizayneri Qalib Həsənov son illərdə Avropa moda dünyasında diqqət çəkən adlardan birinə çevrilib. Onun yaradıcılığı təkcə estetik baxımdan deyil, həm də mədəni və sosial mesajlar baxımından maraq doğurur. Qaracalar kəndindən başlayıb Milan Moda Həftəsinə qədər uzanan bu yol yalnız şəxsi uğur hekayəsi deyil, həm də kimlik, yaddaş və mədəni irsin qorunması haqqında bir hekayədir.

***
Picture background

Musavat.com “Ekhokavkaza” istinadən xəbər verir ki, Q.Həsənov Gürcüstanın Qardabani rayonunda yerləşən Qaracalar kəndində anadan olub. Qaçiani adı ilə də tanınan bu kənd azərbaycanlıların kompakt yaşadığı məkanlardan biridir. O, uşaqlığını burada keçirib və 18 yaşına qədər kənddə yaşayıb. Təhsilini azərbaycandilli məktəbdə alsa da, gürcü dili onun ən sevdiyi fənn idi və bu dili yaxşı öyrənmək istəyirdi. Ailəsi də onu bu istiqamətdə təşviq edirdi. Eyni zamanda, ingilis dili öyrənmək də onun üçün vacib sayılırdı.
Moda ilə bağlı ilk marağı isə çox erkən yaşlarda yaranmışdı. O xatırlayır ki, 6–7 yaşlarında fasiləsiz olaraq geyim və ayaqqabı eskizləri çəkirdi. Bu rəsmləri tez-tez sinif yoldaşlarına hədiyyə edirdi. Lakin kənd mühitində böyüyən bir uşaq üçün “moda dizayneri” kimi bir peşənin mövcudluğu o zaman o qədər də aydın deyildi.

***

Picture backgroundMəktəbi bitirdikdən sonra Qalib Həsənov Tiflisdə fəaliyyət göstərən Teatr Universitetinə 1+4 proqramı ilə daxil olur. Bu proqram etnik azlıqlar üçün nəzərdə tutulmuşdu: bir il hazırlıq mərhələsindən sonra tələbələr istədikləri fakültəni seçə bilirdilər.
Əvvəlcə o, rejissorluq fakültəsində oxumağı düşünürdü. Onu kino və teatr sahəsi cəlb edirdi. Lakin paralel olaraq başqa bir təhsil müəssisəsində dizayn və incəsənət sahəsində də təhsil alırdı. Məhz həmin dövrdə o, Gürcüstanda keçirilən BENEXT moda müsabiqəsi haqqında məlumat əldə edir.
Bu müsabiqə gənc dizaynerlər üçün böyük bir fürsət idi. Qalib öz kolleksiyasını hazırlamağa başlayır və müsabiqədə iştirak edir. Nəticədə o, müsabiqənin qalibi olur və Milan şəhərində yerləşən “Haute Future Fashion Academy”də bir il pulsuz təhsil almaq hüququ qazanır.

Picture backgroundQalib Həsənov üçün Avropada təhsil almaq əvvəlcə sadəcə xəyal idi. Lakin müsabiqədə qalib gəldikdən sonra vəziyyət dəyişdi. Təhsil pulsuz idi, lakin yaşayış xərclərini ödəmək lazım idi. Ailəsi onun bu şansı qaçırmamalı olduğunu düşünərək Milana getməsinə razılıq verdi.
Beləliklə, Qalib Həsənov İtaliyaya yola düşdü və bu qərar onun həyatını tamamilə dəyişdirdi.
Müsabiqədə təqdim etdiyi ilk kolleksiya tamamilə qara rənglər üzərində qurulmuşdu. Dizayner bu kolleksiyanı xatırlayarkən deyir ki, texniki baxımdan çox sadə idi və təcrübəsizliyini göstərirdi. Buna baxmayaraq, həmin kolleksiya onun üçün çox şəxsi və səmimi bir iş idi.
Bu gün o kolleksiyaya baxanda özünü 17 yaşlı bir gənc kimi görür və həmin işin səmimiliyini yüksək qiymətləndirir. Onun sözlərinə görə, bütün yol məhz həmin kolleksiyadan başladı.

***

Milanda təhsil aldığı dövrdə Qalib Həsənov kurs yoldaşı Luka Lini ilə tanış olur. Onlar birlikdə Act n°1 adlı moda brendini yaradırlar. Brendin əsas ideyası müxtəlif mədəniyyətlərdən gələn insanların baxışlarını bir araya gətirmək idi.
Bu əməkdaşlıq da özlüyündə maraqlı bir mədəni kontrast idi. Qalib azərbaycanlı, Luka isə etnik çinli olsa da, İtaliyada doğulub böyümüşdü. Onlar hər ikisi evdə bir mədəniyyətlə, cəmiyyətdə isə başqa bir mədəniyyətlə qarşılaşdıqları üçün bu təcrübəni yaradıcılıqlarında əks etdirməyə çalışırdılar.
Brendin ilk illərində onlar kolleksiyaları tamamilə özləri hazırlayırdılar. Paltarların kəsilməsi, tikilməsi və təqdimatı – bütün proses onların üzərinə düşürdü. Hətta ilk iki il ərzində heç bir köməkçiləri belə yox idi.
Qalib Həsənovun yaradıcılığında sosial mövzular mühüm yer tutur. Onun kolleksiyalarında tez-tez cəmiyyət üçün aktual problemlər əks olunur.
Məsələn, o, azyaşlı qızların erkən nikah problemi haqqında düşünürdü və bu mövzu onun kolleksiyalarından birində öz əksini tapmışdı. Dizayner hesab edir ki, moda yalnız estetik bir sahə deyil, həm də mesaj vermək və cəmiyyətə təsir göstərmək üçün bir vasitədir.
Picture background2017-ci ildə Act n°1 brendi “Vogue” Italia jurnalının təşkil etdiyi “Who is on Next?” müsabiqəsinin qalibi oldu. Bu, gənc dizaynerlər üçün ən prestijli müsabiqələrdən biri hesab olunur. Bu qələbə Qalib Həsənov və onun brendi üçün yeni imkanlar açdı. Moda sənayesində diqqət artdı, alıcılar və tərəfdaşlar maraq göstərməyə başladı.
Daha sonra dizayner Kopenhagendə keçirilən “Zalando Visionary Award” müsabiqəsinin də qalibi oldu.
Bu cür mükafatlar yalnız prestij gətirmir. Onlar dizaynerə yeni bazarlara çıxmaq, kolleksiyalarını geniş auditoriyaya təqdim etmək və biznesini inkişaf etdirmək imkanı verir.

***
Məşhur insanların dizayner geyimlərini seçməsi moda dünyasında tez-tez uğurun göstəricisi kimi qəbul olunur. Lakin dizayner Qalib Həsənov üçün bu, yaradıcılığının əsas məqsədi deyil. Onun sözlərinə görə, geyimlərinin tanınmış şəxslər tərəfindən geyilməsi xoş haldır, amma bu, onun üçün əsas meyar sayılmır.
Qalib Həsənov müxtəlif dünya ulduzları ilə əməkdaşlıq edib. Onun geyimlərini məşhur amerikalı müğənni Beyonce, eləcə də tanınmış aktrisalar Tilda Svinton və Ketrin Elis Blanşett geyiniblər. Məsələn, yaxın günlərdə Blanşett üçün xüsusi bir geyim sifarişi verilib. Aktrisanın komandası dizaynerin kolleksiyasını “Instagram”da görüb və geyimin Londona göndərilməsini xahiş edib.
Buna baxmayaraq, dizayner deyir ki, o və komandası məşhurlarla əməkdaşlıq etmək üçün xüsusi təşəbbüs göstərmir. Onlar heç kimə ayrıca yazmır və ya müraciət etmirlər. Qalib Həsənov hesab edir ki, vaxt keçdikcə onun işləri öz dəyərini göstərəcək və maraq göstərən insanlar geyimləri özləri tapacaqlar.

***

Dizayner indiyədək Ledi Qaqa, Beyonse və başqa Hollivud ulduzları ilə də işləyib. Bununla belə, o, bu faktı yaradıcılıq uğurunun əsas göstəricisi kimi qəbul etmir.
Qalib Həsənovun moda dünyasına marağının formalaşmasında məşhur britaniyalı dizayner Con Qalyanonun böyük təsiri olub. O xatırlayır ki, 13 yaşında internetə çıxış əldə edəndə Qalyanonun işləri ilə tanış olub. Həmin vaxt o anlayıb ki, geyim sadəcə paltar deyil — insanın özünü ifadə etməsinin güclü vasitəsidir.
Act n°1 brendi uğurlu biznesə çevrildikdən sonra Qalib Həsənov yeni bir yaradıcılıq mərhələsinə keçmək qərarı verir. O, Institution adlı yeni layihə yaradır.
Qalib Həsənov kolleksiyalarından birində Gürcüstan parlamentinin ilk müsəlman qadın deputatı Fəri xanım Sofiyevanın hekayəsinə müraciət edib.
1884-cü ildə Qaracalar kəndində doğulan Sofiyeva 1918-ci ildə müstəqil Gürcüstan parlamentinə deputat seçilmişdi. O, təkcə Qafqazda deyil, bütün dünyada demokratik yolla seçilmiş ilk müsəlman qadın deputatlardan biri hesab olunur.

***

Picture backgroundQalib Həsənov üçün uğur yalnız məşhurluq və ya böyük satışlar demək deyil. Onun fikrincə, əsas uğur cəmiyyət tərəfindən qəbul olunmaq və öz ideyalarını həyata keçirə bilməkdir.
O, influenserlərlə əməkdaşlığa xüsusi maraq göstərmir və auditoriyasını diqqətlə seçir. Dizayner üçün əsas məqsəd böyük reklam kampaniyaları deyil, ideyalarını anlayan kiçik, lakin sadiq auditoriya yaratmaqdır.
Hazırda Qalib Həsənov beynəlxalq moda səhnəsində fəaliyyətini davam etdirir. O, LVMH Prize müsabiqəsinin yarımfinalçılarından biridir və yaxın gələcəkdə yeni kolleksiyalarını Kopenhagen və Milan Moda Həftələrində təqdim etməyi planlaşdırır.
Qalib Həsənov Milanda yaşasa da, özünü hər zaman Gürcüstanda böyümüş azərbaycanlı kimi təqdim edir. O hesab edir ki, onun əsas ilham mənbəyi də məhz bu kimlikdir.
Dizayner deyir ki, bu kimliklə bağlı danışılacaq hələ çox hekayə var.


Sizin reklam burada
Sizin reklam burada