Azərbaycanlı şair bodibildinq çempionatında gümüş medal qazandı

Azərbaycanlı şair bodibildinq çempionatında gümüş medal qazandı
12:50

Azərbaycanlı şair və Vətən müharibəsi iştirakçısı Emin Piri natural bodibildinq və fitnes üzrə Avrasiya çempionatında uğur qazanıb.

News365.az xəbər verir ki, İNBA (International Natural Bodybuilding Association) tərəfindən təşkil olunan yarışda “Men’s Physique” kateqoriyasında mübarizə aparan Emin Piri ikinci yeri tutaraq gümüş medala layiq görülüb.

O, son üç ildə əsasən ev şəraitində məşq edib. Dediyinə görə, işdən və yaradıcılıq fəaliyyətindən sonra, hətta gecə saatlarında belə məşqlərini davam etdirib.

Emin Piri qeyd edib ki, son iki ayda yarışa qatılmaq həvəsi yaranıb və həm gənclər, həm də öz yaşıdları arasında gücünü sınamaq qərarına gəlib. Məşqçisinin dəstəyi, nizam-intizamı, ciddi pəhriz və ağır məşqlər sayəsində qarşısına qoyduğu məqsədə çatıb.

O bu uğurda dəstəyinə görə məşqçisinə və yarışa hazırlıq prosesində yanında olan anasına minnətdarlığını bildirib (kulis.az).

Emin Piri Bakıvaxtı.az-a deyib ki, onun üçün ən önəmli olanlardan biri özündən 15-20 yaş gənclərlə, yaş, çəki, boy fərqi olmadan "OPEN"ə çıxmaq idi:

"Həm də natural olaraq. Posing məşqlərinə qısa müddətdə zaman tapa bilmədiyimdən gələn yarışlarda düzəltmək üçün bəzi yerlər var".

Müsiqiylə ilk sərbəst çıxışının olduğunu deyən E.Piri qeyd edib ki, musiqi də öz seçimi olub. 

O. bundan sonra da idman fəaliyyətini davam etdirmək, Azərbaycanda təbii bodibildinq və fitnes mühitinin inkişafına töhfə vermək, sağlam həyat tərzini təbliğ etmək niyyətində olduğunu vurğulayıb.

Emin Piri bildirib ki, bu nəticə ilə bir insanın eyni zamanda qazi, hərbçi, jurnalist, şair və idmançı ola biləcəyini göstərmək istəyib.


Sizin reklam burada
Sizin reklam burada