"ABŞ Senatında Azərbaycanın müstəqillik günü ilə bağlı verilən təbriklər və münasibətlər ölkəmizə olan diqqətin göstəricisidir"
Milli Məclisin deputatı Rasim Musabəyov bu sözləri News365.az-a açıqlamasında deyib.
“Bildiyim qədər, hazırda təbrik göndərən senator ABŞ-da fəaliyyət göstərən yəhudi icmalarına yaxın şəxsdir. Bu baxımdan, onun Azərbaycan yəhudi icmaları ilə münasibəti də əhəmiyyətlidir. Həmçinin, Azərbaycanın İsraillə olan əlaqələri, o cümlədən təhlükəsizlik sahəsindəki əməkdaşlığı ABŞ-da da senatorlar səviyyəsində dəstək qazanıb. Bu cür kommunikasiyalar Azərbaycan üçün önəmlidir.”
Deputat qeyd edib ki, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təkcə ABŞ dövlət katibi deyil, həm də ölkə Prezidenti Donald Trump tərəfindən təbrik göndərilməsi diqqətçəkən məqamdır:
“Mənim bildiyimə görə, Ermənistan bu səviyyədə təbrik almayıb. Onların mediasında prezident Trump tərəfindən təbriklə bağlı heç bir məlumat yer almayıb. Bu isə göstərir ki, Azərbaycanın regiondakı əhəmiyyəti və imkanları Cənubi Qafqazla məhdudlaşmır, daha geniş miqyasda – o cümlədən ABŞ-da da diqqət mərkəzindədir.”