Azərbaycanda şəhərsalma forumu: qlobal çağırışlar müzakirə olunur

Azərbaycanda şəhərsalma forumu: qlobal çağırışlar müzakirə olunur
11:12

Qlobal miqyasda artan urbanizasiya prosesləri və bunun yaratdığı sosial, iqtisadi və ekoloji çağırışlar beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Bu baxımdan BMT-nin şəhərsalma sahəsinə həsr olunmuş ən mühüm platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumu xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda keçirilən bu mötəbər tədbir də həm region, həm də qlobal səviyyədə mühüm müzakirə platforması kimi qiymətləndirilir. 

Milli Məclisin deputatı Azər Allahverənov News365.az-a açıqlamasında bildirib ki, beynəlxalq şəhərsalma forumunun Azərbaycanda keçirilməsi Birləşmiş Millətlər Təşkilatı və onun institutlarının ölkəyə olan etimadının bariz nümunəsidir.

Deputat qeyd edib ki, şəhərsalma forumu COP-dan sonra miqyasına və müzakirə olunan mövzuların əhəmiyyətinə görə dünyanın ikinci ən böyük qlobal platformalarından biridir. 

Onun sözlərinə görə, bu səviyyəli tədbirin məhz Azərbaycanda təşkili ölkənin beynəlxalq nüfuzunu daha da gücləndirir.

Azər Allahverənov vurğulayıb ki, belə bir tədbirin Cənubi Qafqaz regionunda ilk dəfə keçirilməsi Azərbaycanın yaratdığı sabitlik və yeni reallıqların nəticəsidir. Onun sözlərinə görə, bu, ölkənin regionda mühüm siyasi və inkişaf mərkəzinə çevrildiyini göstərir.

Deputat əlavə edib ki, müasir dövrdə qlobal urbanizasiya prosesləri ciddi çağırışlar yaradır. Sürətli şəhərləşmə, infrastruktur problemləri, texnologiyaların tətbiqi və insan hüquqlarının qorunması bu sahədə əsas müzakirə mövzularındandır.

O həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə toxunaraq bildirib ki, 11-ci məqsəd məhz şəhərlərin dayanıqlı inkişafı ilə bağlıdır və bu forum həmin istiqamətdə qlobal dialoqa mühüm töhfə verir.

Azər Allahverənov qeyd edib ki, iqlim dəyişiklikləri, miqrasiya prosesləri və yoxsulluq kimi problemlər urbanizasiyanı daha da aktual edir. Onun sözlərinə görə, forumda təqdim edilən rəqəmlər də bu çağırışların miqyasını bir daha ortaya qoyur.


Sizin reklam burada
Sizin reklam burada