ABŞ-da hava nəqliyyatını iflic edən böhranın səbəbi açıqlandı

ABŞ-da hava nəqliyyatını iflic edən böhranın səbəbi açıqlandı
11:10

ABŞ-da ölkə üzrə bütün hava limanlarında uçuşların dayandırılmasına səbəb olan texniki problemin ilkin səbəbi müəyyənləşib. Ağırlaşmış vəziyyətə köhnə hava hərəkətini idarəetmə sistemlərinin yeni texnologiyadan gələn məlumat yükünün öhdəsindən gələ bilməməsinin səbəb olduğu bildirilir.

News365.az xəbər verir ki, bu barədə ABŞ-ın nəqliyyat naziri Şon Daffi və daxili təhlükəsizlik naziri Markueyn Mallin Ağ Evdə keçirdikləri brifinqdə məlumat veriblər.

Nazirlərin açıqlamasına görə, hava hərəkətini idarəetmə sistemində istifadə olunan köhnə telekommunikasiya avadanlıqları yeni texnologiyadan daxil olan məlumatların həcmi səbəbindən yüklənib. Nəticədə marşrutların idarə olunmasında və dispetçerlərlə təyyarələr arasında rabitədə ciddi uyğunsuzluqlar yaranıb.

ABŞ rəsmiləri problemin aradan qaldırılması istiqamətində tədbirlər görüldüyünü və sistemin yenidən işlək vəziyyətə gətirildiyini bildiriblər.

5 saat ərzində uçuşlar dayandırıldı

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də hava hərəkətinə nəzarət mərkəzlərində yaranan rabitə problemləri səbəbindən ölkə üzrə bütün hava limanlarından uçuşların həyata keçirilməsini müvəqqəti dayandırmışdı.

Təxminən beş saat davam edən məhdudiyyət daha sonra aradan qaldırılıb. Lakin böhran nəticəsində minlərlə reys gecikib və ləğv edilib, yüzlərlə təyyarə başqa hava limanlarına yönləndirilib. Hadisə bir milyondan çox sərnişinə təsir göstərib.

Qeyd edək ki, ABŞ-da 11 sentyabr 2001-ci il terror hücumlarından sonra ölkə üzrə uçuşların dayandırılması ikinci dəfə baş verib. Əvvəlki belə hadisə 2023-cü ilin yanvarında FAA-nın pilotlara uçuş təhlükəsizliyi ilə bağlı bildirişlər göndərən kompüter sistemində yaranmış nasazlıq zamanı qeydə alınmışdı.


Sizin reklam burada
Sizin reklam burada