Azərbaycan-Rusiya Universitetinin diplomu hansı ölkələrdə tanınacaq? - Səfirdən AÇIQLAMA

Azərbaycan-Rusiya Universitetinin diplomu hansı ölkələrdə tanınacaq? - Səfirdən AÇIQLAMA
02 Dek 2024 13:52

Azərbaycanda rus dilinə maraq yüksək olaraq qalır. Ölkədə rus dilində tədris olunan 340-a yaxın məktəb var ki, orada 140 min uşaq təhsil alır. Ölkənin 15 mindən çox vətəndaşı rus dilində ali təhsil alır.

News365.az xəbər verir ki, mövzu ilə bağlı KİV-lərə açıqlama verən Rusiyanın ölkəmizdəki səfiri Mixail Evdokimov deyib ki, əvvəllər olduğu kimi, Azərbaycanda rus dili çox populyardır, ona tələbat var:

“Ölkənin məktəb və universitetləri təkcə rus dilini öyrənmək deyil, həm də orada təhsil almaq imkanı yaradır, ali təhsil sistemində yüksək ixtisaslı rusiyalı mütəxəssislər çalışır. Bakı küçələrində isə demək olar ki, hər kəs rus dilində danışa bilir. Bakıda hər il azərbaycanlı məktəbli və tələbələrin iştirak etdiyi müxtəlif mədəni-maarif layihələri, müsabiqələr və olimpiadalar həyata keçirilir. Və bu, əlbəttə ki, bizi yalnız sevindirir. Elə bu günlərdə dahi rus şairi və yazıçısı Mixail Lermontovun anadan olmasının 210 illiyinə həsr olunmuş qala gecəsində iştirak etdim. O, “Mixail Yuryeviç Lermontov və Qafqaz” respublika layihəsi çərçivəsində təşkil olunub. Təsəvvür edin, bu layihədə rus dilini sevən və rus klassiklərini orijinalda oxumaqdan həzz alan 700-dən çox azərbaycanlı gənc iştirak edib. Bu qəbildən olan layihələr bir daha sübut edir ki, Azərbaycan rəhbərliyi ölkədə rus dilinin inkişafına böyük önəm verir. Və biz bu dəstəyi hər gün hiss edirik. Biz görürük ki, azərbaycanlı uşaqlar həm ana dilində, həm də rus dilində necə mükəmməl danışırlar. Təbii ki, belə humanitar və mədəni tədbirlər Azərbaycan və Rusiya xalqlarını bir-birinə daha da yaxınlaşdırır, bir-biri ilə sərbəst ünsiyyət qurmaq imkanı yaradır. Burada rus klassiklərinin əsərləri çox populyardır. Azərbaycanlılar Puşkini, Dostoyevskini, Turgenevi, Çexovu, Yesenini, Lermontovu orijinalda həvəslə oxumağa davam edirlər. Rus klassiklərinə olan bu sevginin gənc nəslə necə ötürüldüyünü görmək xüsusilə xoşdur”.

Səfir həmçinin Azərbaycan-Rusiya Universiteti barədə də danışıb:

“Biz bunun üzərində fəal işləyirik. Bu günlərdə Azərbaycan Təhsil Nazirliyinin nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olub. Rusiyalı həmkarları ilə görüşdə Rusiya-Azərbaycan universitetinin yaradılması layihəsini hazırlayacaq birgə işçi qrupunun təşkili qərara alınıb. Deməli, proses irəliləyir... Biz də Azərbaycan məktəblərində rus sektoruna əlavə olaraq Rusiyanın Azərbaycandakı səfirliyinin nəzdində məktəb açmaq istəyirik. Yeni məktəbdə uşaqlar Rusiya standartları üzrə təhsil alacaqlar. Müvafiq olaraq, məktəbi bitirmə sertifikatları həm Azərbaycanda, həm də Rusiyada ali məktəblərə qəbul zamanı tanınacaq”.

News365.az


Youtube kanalımız