Xatirə medalı idmançısı finala yüksələn yığmaların baş məşqçilərinə verildi.
Bunu açıqlamasında Azərbaycanın yeniyetmə və gənc karateçilərdən ibarət millilərinin baş məşqçisi Anar Allahverdiyev Polşanın Byelsko-Byala şəhərində keçirilən 52-ci Avropa çempionatında ona təqdim edilən xatirə medalı ilə bağlı fikirlərini bildirərkən deyib.
O, bu mükafatın bir neçə komandanın nümayəndəsinə təqdim edildiyini vurğulayıb:
“Xatirə medalı idmançısı finala yüksələn yığmaların baş məşqçilərinə verildi. Bu hədiyyəni təxminən 15-16 ölkənin təmsilçisinə təqdim etdilər. Yarışda ümumilikdə 48 ölkə iştirak edirdi”.
Mütəxəssis millinin Avropa çempionatında göstərdiyi nəticələri qənaətbəxş hesab edib:
“İndiki duruma nəzər salsaq, nəticəni qənaətbəxş hesab etmək olar. Əvvəllər sponsor var idi, idmançılar müxtəlif yarışlara, beynəlxalq turnirlərə gedirdilər. Ona görə də praktika cəhətdən çətinlik yaşamırdılar. Məsələn, ötən il 1 qızıl, 4 bürünc qazanmışdıq. Yüksək nəticələrimiz olub. Həmçinin ötən il 9 ölkə arasında medal sayına görə yeddinci olmuşduq. Ancaq bu dəfə 22-ci yeri tutduq. Bütün idmançılarımızda praktika çatışmazlığı var idi. Ona görə də bir çox hallarda hesabda irəli olduqları döyüşlərdə uduzdular”.
Qeyd edək ki, Azərbaycan millisi Polşada 3 medal qazanıb. Ələddin Məlikov (16-17 yaş, 68 kq) gümüş, Vüsal Qənbərov (14-15 yaş, 52 kq) və Əliəşrəf Qafarov (14-15 yaş, 57 kq) isə bürünc medala yiyələnib.