"Azərbaycan-İran münasibətləri inkişaf etməlidir"- Tural Gəncəliyev

"Azərbaycan-İran münasibətləri inkişaf etməlidir"- Tural Gəncəliyev
16:51

"Çox önəmli bir səfərdir. Mətbuatdan oxuduqlarımız əsasında deyə bilərik ki, İran Prezidenti ilə birlikdə böyük bir nümayəndə heyəti gəlir. Hesab edirəm ki, iki qonşu ölkə olaraq, xüsusilə də regiondakı gərginliyin azaldılması məsələlərini və digər məsələləri nəzərə alsaq, burada hərbi, siyasi, təhlükəsizlik, iqtisadi sahələrdə, nəqliyyat-kommunikasiya xətləri üzrə və digər kompleks məsələlər bir yerdə müzakirə olunacaq."

Milli Məclisin deputatı Tural Gəncəliyev bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Mən Azərbaycan-İran münasibətlərini iki mərhələyə bölmək istərdim: 2020-ci ildəki 44 günlük Vətən müharibəsinə qədərki dövr və ondan sonrakı dövr. Müharibədən əvvəl bölgədə tamamilə fərqli bir regional konfiqurasiya mövcud idi. Yeni reallıq isə odur ki, Azərbaycan artıq torpaqlarını işğaldan azad edib. Bilirsiniz ki, Azərbaycan-İran sərhədinin 133 kilometrdən çox hissəsi işğal altında idi. İndi bu yeni reallıqlar fonunda Azərbaycan-İran münasibətlərində yenidən müzakirə olunmalı, nəzərdən keçirilməli məqamlar var.

Hazırda Azərbaycanda və onun ətrafında böyük bir diplomatik fəallıq müşahidə olunur. Prezidentin Çinə səfəri, Avropa İttifaqının ikinci şəxsi Kayva Kavvasın Azərbaycana səfəri, bu gün İran Prezidentinin ölkəmizə gəlməsi, Türkiyə Cümhuriyyətinin Prezidentinin səfəri – bütün bu məsələlərə nəzər saldıqda böyük bir fəallıq müşahidə edilir.

Xüsusilə Azərbaycan-İran münasibətləri bu səbəbdən həm pragmatik, həm də konstruktiv məcrada inkişaf etməlidir ki, həm regional xarakterli gərginlikləri azaldaq, həm də Azərbaycan daim maraqlı olub ki, qonşu ölkələrlə praqmatik münasibətlər qursun və heç bir problem yaşanmasın."


Sizin reklam burada
Sizin reklam burada