Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın fasiləsizliyinin, yol-piyada hərəkətinin rahatlığının təmin edilməsi və şəhər mobilliyinin dayanıqlığına nail olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən parklanma məntəqələrinin təşkili davam etdirilir.
AYNA-dan news365.az-a bildirilib ki, Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsində ödənişli parklanma məntəqələri yaradılaraq sürücülərin istifadəsinə verilib.
Küçə parklanma yerlərinin təşkili hazırda Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsində aparılır. Nişanlanma xətlərinin çəkildiyi ərazidə yol nişanları quraşdırılacaq və yeni məntəqələr nəqliyyat vasitələri sahiblərinin ixtiyarına veriləcək. Parklanma yerləri təşkil edilən zaman fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün müvafiq şərait yaradılır.
Parkinqə tələbatın az olduğu ərazilərində isə ödənişsiz parklanma yerlərinin təşkili davam etdirilir. 4-cü zonaya daxil olan daha bir neçə məntəqə Səbail və Suraxanı rayonlarında təşkil edilib. Belə ki, Bayıl qəsəbəsində, Abbasqulu Abbaszadə və Cəlal Qurbanov küçələrində müvafiq infrastruktur qurularaq avtomobillərin pulsuz park edilməsi üçün şərait yaradılıb. Ödənişsiz parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdirilir.
Xatırladaq ki, “Yol hərəkəti haqqında” Qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-a qədər, eləcə də həftənin bazar günləri parklanma ödənişsizdir