"Azərbaycan-Çin münasibətləri hərtərəfli strateji tərəfdaşlıq xarakteri daşıyır. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının sammitlərində dəvətli ölkə kimi iştirak edir. Bu təşəbbüs Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən irəli sürülüb və Azərbaycan bu təşəbbüsü geniş şəkildə dəstəkləyir".
News365.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov XIII Qlobal Bakı Forumunda "Çin və qlobal idarəetmə təşəbbüsü" mövzusunda keçirilən panel müzakirədə deyib.
O bildirib ki, mühüm çağırışlardan biri beynəlxalq hüquqla bağlıdır:
"Dünən Prezident İlham Əliyev bu mövzu barədə ətraflı danışdı, digər panellərdə də bu məsələ müzakirə olundu. Azərbaycan beynəlxalq hüquqa əməl olunmamasının və ya buna siyasi iradənin çatışmamasının nə demək olduğunu çox yaxşı bilən bir ölkədir. Müstəqilliyini bərpa etdiyi ilk gündən etibarən Azərbaycan beynəlxalq hüququn pozulmasının birbaşa nəticələrini yaşamış ölkədir. Əsl məsələ çox vaxt prinsiplərin mövcudluğundan deyil, onların necə tətbiq olunmasından ibarətdir".