Rusiyanın ən yeni orta mənzilli “Oreşnik” ballistik raketinin Ukraynanın “Yujmaş” müəssisəsinin ərazisində döyüş sınağı kimi istifadə olunması Moskvanın kollektiv Qərbi Ukrayna münaqişəsində gərginliyin qarşısını almağa inandırmaq cəhdi olub. Bu fikirlər Britaniyanın “The Economist” jurnalında dərc olunan məqalədəndir.
Jurnal yazıb ki, Rusiya lideri Vladimir Putinin son müraciətinin ünvanlandığı əsas auditoriya ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası olub. Nəşrin yazdığına görə, o, Ukraynadakı münaqişəyə yalnız öz yanaşmasını formalaşdırır.
Nəşr onu da qeyd edib ki, noyabrın 19-da yeni nüvə doktrinasını açıqlayan Moskva "Oreşnik" sınağı ilə xəbərdarlıq etmiş oldu ki, o, həm Kiyevin, həm də Qərbin hərəkətlərinə cavab olaraq daha sərt tədbirlər görə bilər. The Economist-ə görə, "Oreşnik"in istifadəsi "raket müharibəsinin yeni dövrünün bir hissəsi" oldu.
Qeyd edək ki, noyabrın 21-i səhər saatlarında rus qoşunları müxtəlif tipli raketlərlə Dnepr şəhərinə hücum edib. O cümlədən, Rusiya Federasiyasının Həştərxan vilayətindən ballistik raket buraxılıb. Ukrayna mediası bunun qitələrarası ballistik raket olduğunu iddia edib və onun düşmə anını əks etdirən görüntüləri yayıb. Rusiya ordusu ilk dəfə olaraq yeni orta mənzilli “Oreşnik” raketindən istifadə etməsini açıqlayıb. "Oreşnik"dən istifadə beynəlxalq aləmdə rezonans doğurub.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural