News365.az xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdə çıxışı zamanı deyib.
Deputat Azərbaycan aviasiyasında son dövrlərdə həyata keçirilən islahatları, xidmətlərin təkmilləşdirilməsi və sərnişinlər üçün daha əlçatan uçuş imkanlarının yaradılması istiqamətində atılan addımları müsbət qiymətləndirib.
Bununla belə deputat əlavə edib ki, aviasiyanın inkişafı davamlı iş, düzgün idarəetmə və sərnişinlərin ehtiyaclarına diqqət tələb edir: "Xüsusilə, əlçatan qiymətlərlə aviabiletlərin sayının artırılmasını və vətəndaşlara daha çox seçim imkanının yaradılmasını vacib hesab edirəm. Çünki aviasiyanın inkişafını yalnız sərnişinlərin və uçuşların sayının artması ilə ölçmək olmaz. Bu inkişafın nəticəsi həm də insanların gündəlik həyatında da yaratdığı imkanlarla ölçülür.
Adi vətəndaş üçün təyyarə ilə səyahət əlçatmaz bir seçimə çevrilməməlidir. İnsanlarımız ailələrinə baş çəkmək, təhsil almaq, müalicə olunmaq, işgüzar səfərlərə çıxmaq və dünyanı tanımaq üçün münasib qiymətlərlə uçmaq imkanına sahib olmalıdırlar. Bu baxımdan marşrutların genişləndirilməsi, rəqabət imkanlarının artırılması və qiymət siyasətində sərnişinlərin maraqlarının nəzərə alınmasının daha da genişləndirilməsi vacibdir".
R. Nurullayev ümid edir ki, Azərbaycan aviasiyasında həyata keçirilən müsbət dəyişikliklər davam edəcək, daha çox istiqamət üzrə uçuş imkanları yaranacaq və aviabiletlər vətəndaşlarımız üçün daha əlçatan olacaq: "Bu gün əlçatanlıq məhdud sayda ucuz biletin mövcudluğudur. İnanıram ki, daha çox insanın münasib qiymətlərlə səyahət edə bilməsi üçün imkanlar genişləndiriləcək".