Antidepressantlar həqiqətən asılılıq yaradır? – Mütəxəssisdən mühüm XƏBƏRDARLIQ

Antidepressantlar həqiqətən asılılıq yaradır? – Mütəxəssisdən mühüm XƏBƏRDARLIQ
12:20

Cəmiyyətdə psixiatrik preparatlar, xüsusən də antidepressantlar barədə ən çox yayılan yanlış təsəvvürlərdən biri onların asılılıq yaratması ilə bağlıdır.

Psixoloq Almara Ağaqızının News365.az-a sözlərinə görə, elmi baxımdan fiziki asılılıqla dərmanı dayandırarkən yaranan çəkilmə (withdrawal) sindromunu bir-birindən kəskin fərqləndirmək lazımdır.

Antidepressant asılılıq deyil, uyğunlaşma yaradır

Ekspert bildirir ki, antidepressantlar insanda eyforiya, qarşısıalınmaz istək və ya dozanı davamlı artırmaq ehtiyacı formalaşdırmır. Lakin uzunmüddətli istifadə zamanı beyin və sinir sistemi bu neyrokimyəvi mühitə adaptasiya olunur:

  • Fizioloji reaksiyalar: Serotonin və noradrenalin sistemlərinə təsir edən preparat qəfil kəsildikdə başgicəllənmə, ürəkbulanma, yuxu pozuntusu, narahatlıq, tərləmə və hətta bədəndə "elektrik cərəyanı" hissiyyatı yaranır.

  • Orqanizmin cavabı: Bu əlamətlər asılılığın deyil, orqanizmin dərmanın yoxluğuna verdiyi təbii fizioloji cavabın göstəricisidir.

  • Dərman fərqləri: Bütün psixiatrik preparatları eyni tutmaq olmaz. Məsələn, benzodiazepin qrupundan olan sakitləşdiricilər həqiqətən də fiziki asılılıq yarada bilər və onların qəfil kəsilməsi təhlükəlidir.

Dərmanı özbaşına dayandırmaq niyə risklidir?

Müalicə zamanı ən çox edilən səhv xəstənin özünü yaxşı hiss etdiyi an dərmanı birdən-birə kəsməsidir. Almara Ağaqızı xəbərdar edir ki, çəkilmə sindromunu xəstəliyin (depressiya və ya təşvişin) qayıtması ilə səhv salmaq olmaz. Bu vəziyyəti yalnız mütəxəssis qiymətləndirməlidir.

Müalicədən təhlükəsiz çıxış yolları

  • Mərhələli azaltma (tapering): Dərmanın kəsilməsi mütləq həkim nəzarəti altında, dozanın tədricən azaldılması ilə aparılmalıdır.

  • Fərdi yanaşma: Müalicənin dayandırılması prosesi insanın həssaslığından, qəbul müddətindən və dozadan asılı olaraq haftələr və ya aylar çəkə bilər.

  • Kompleks müalicə: Psixi sağlamlıqda məqsəd insanı dərmandan asılı etmək deyil, onun funksionallığını bərpa etməkdir. Bu prosesdə psixoterapiya və digər dəstək üsulları böyük rol oynayır.

Psixoloq yekun olaraq vurğulayır ki, dərmana düzgün başlamaq nə qədər vacibdirsə, onu həkim nəzarəti ilə pilləli şəkildə saxlamat da müalicənin bir o qədər həlledici hissəsidir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada