“Türkiyənin Rusiya–Ukrayna müharibəsində aparıcı rol oynaması real deyil”
News365.az xəbər verir ki, bu fikirləri politoloq Anar Əliyev Rusiya–Ukrayna müharibəsində Türkiyənin mümkün vasitəçilik rolu barədə danışarkən bildirib.
Ekspert qeyd edib ki, Rusiya və Ukrayna ilə münasibətləri balanslı şəkildə qoruyub saxlaya bilən azsaylı dövlətlərdən biri Türkiyədir. Lakin onun sözlərinə görə, hazırkı geosiyasi şəraitdə Ankaranın münaqişənin həllində əvvəlki kimi aparıcı rol oynaması çətin görünür:
“2022-ci ilin mart–aprel aylarında Türkiyə formatı çərçivəsində mühüm nəticələr əldə olunmuşdu. O dövrdə Ukrayna müharibəsini dayandırmaq və itirilmiş ərazilərlə bağlı diplomatik proseslərə start vermək mümkün idi. Lakin bu razılaşmaları pozan məhz Qərbi Avropa liderləri oldular. Onlar Zelenskiyə təsir imkanlarından istifadə edərək prosesi sabotaj etdilər.”
Anar Əliyev əlavə edib ki, Türkiyə Rusiya üzərinə təzyiq göstərmək və ya onu geri addım atmağa məcbur etmək gücünə malik deyil:
“Bunu hətta ABŞ Prezidenti Donald Tramp dövründə də görmədik. Bu baxımdan düşünmürəm ki, Türkiyə təkbaşına Rusiya–Ukrayna müharibəsini sülh danışıqlarına yönləndirmək gücünə sahibdir. Bunun üçün ABŞ və Qərbin də dəstəyi vacibdir.”