Amerikanın kəşfindən 50 il öncə Avropa xəritəsində Azərbaycan- FOTO

Amerikanın kəşfindən 50 il öncə Avropa xəritəsində Azərbaycan- FOTO
09:37
Andrea Bianco XV əsrdə Venesiyada yaşamış məşhur bir dənizçi və kartoqraf olub. Andrea Biankonun 1436-cı ilə aid bu məşhur dünya xəritəsində (Planisferio di Andrea Bianco) Azərbaycanın adı qeyd olunub. Bu, Amerikanın kəşfindən təxminən 50 il əvvələ təsadüf edir. Hazırda Venesiyadakı məşhur Müqəddəs Mark Milli Kitabxanasında qorunur.
Orta əsr xəritələrində coğrafiyamız adətən "Asurbeian", "Atropatene" və ya birbaşa "Adirbeigan" kimi qeyd edilirdi. Latın dilində "Asurbeian" və ya ona yaxın fonetik formalarda qeyd olunan ərazilər məhz tarixi Azərbaycan torpaqlarını ifadə edir.
Xəritənin sağ tərəfində şərqdə, böyük bir su hövzəsi kimi Mare Caspium yazılır.
Bura Azərbaycanın şərq sərhəddini təşkil edən Xəzər dənizidir.
Xəritənin mərkəzi sağ hissəsində, şimal-cənub istiqamətində uzanan dağ silsiləsini kartoqraf Montes Caucasi kimi yazır.
Bura Azərbaycanın şimal sərhədini təşkil edən Qafqaz dağlarıdır.
Abşeron yarımadasında, Xəzər dənizinin sahilində Bakı şəhəri qeyd edilib. Bianco dənizçi olduğu üçün liman şəhərlərinə xüsusi diqqət yetirib.
Eyni zamanda Şamaxı, Təbriz, Tiflis, Gəncə, Naxşıvan, Bərdə kimi şəhərləri də xüsusi olaraq xəritədə qeyd edib. Təbriz əsrlər boyu bölgənin ən böyük ticarət və mədəniyyət mərkəzi olub. İstər Azərbaycan atabəyləri, istər Elxanilər, istərsə də sonrakı dövlətlər dövründə Təbriz Azərbaycan coğrafiyasının mərkəzi sayılırdı. Bianco kimi bir kartoqraf üçün Təbriz ən önəmli işarə nöqtələrindən biri idi.
Şəhərlər kiçik qala və qüllə simvolları ilə göstərilib. Bu, həmin ərazinin hərbi və iqtisadi baxımdan güclü olduğunu simvolizə edir.
Andrea Bianco bu xəritəni hazırlayarkən "Portolan" xəritələrindən, həm də antik dövrün alimi Ptolemeyin biliklərindən istifadə edib. Bianco öz xəritəsini hazırlayarkən əsasən venesiyalı tacirlərin və səyyahların verdiyi məlumatlardan istifadə edirdi. Onlar isə daha çox şəhər adları və ticarət yolları haqqında məlumat verirdilər. Bu xəritə Avropanın Şərqi (o cümlədən Azərbaycanı və Səfəvilər öncəsi dövlətləri) necə gördüyünü anlamaq üçün ən qiymətli mənbələrdən biridir.
Bu xəritə sübut edir ki, 15-ci əsrdə Avropa "Azərbaycan" adını həm coğrafi, həm də siyasi bir termin kimi tanıyırdı.

Sizin reklam burada
Sizin reklam burada