Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbenderin Cənubi Qafqaza səfəri başlayıb.
News365.az xəbər verir ki, bu, federasiya prezidentinin regiona ilk səfəridir.
Martın 30-dan aprelin 2-dək davam edəcək rəsmi proqrama əsasən, prezidentlə xanımı Azərbaycan və Ermənistanda bir sıra vacib görüşlərdə iştirak edəcəklər.
Ştaynmayer Ermənistanda Prezident Vaaqn Xaçatryan və Baş nazir Nikol Paşinyanla görüşüb. O, həmçinin TUMO İT tədris mərkəzinə baş çəkib və mədəni qəbulda iştirak edib. Sabah Almaniya Prezidenti Dilicana səfər edəcək. Orada o, erməni biznesmenlərlə fikir mübadiləsi aparacaq və şəhərsalma layihəsinə baş çəkəcək. Göyçə gölündə o, erməni kilsəsini və hidrometeoroloji ölçmə stansiyasını ziyarət edəcək.
Almaniya prezidenti Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşəcək. O, UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Bakının tarixi mərkəzinə baş çəkəcək, xristian, müsəlman və yəhudi din xadimləri ilə tolerantlıq və dinlər arasında anlaşma haqqında söhbətlər aparacaq. O, həmçinin Azərbaycanda qadınların vəziyyəti ilə bağlı müzakirələrdə də iştirak edəcək.