ABŞ, İran və digər qlobal güclər arasında münasibətlərin yaxın perspektivdə ortaq məxrəcə gəlməsi real görünmür.
Politoloq Mehman İsmayılov News365.az-a açıqlamasında bildirib ki, hazırkı geosiyasi proseslərdə əsas həlledici rol Çin-ə məxsusdur.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trump-ın Çində gözlədiyi nəticəni əldə edə bilməməsi proseslərə ciddi təsir göstərib və bu, Vaşinqtonun mövqeyini zəiflədib.
Politoloq qeyd edib ki, İran–ABŞ, Rusiya–Avropa və digər regional gərginliklər Çinin iştirakı olmadan tam şəkildə həll oluna bilməz. Onun fikrincə, Pekinin razılığı olmadan bu münaqişələrdə yekun siyasi həllə nail olmaq çətindir.
M.İsmayılov bildirib ki, Çin rəhbəri Si Cinpin ilə Donald Tramp arasında aparılan danışıqlarda bəzi prinsipal məsələlər üzrə razılıq əldə oluna bilər.
Onun iddiasına görə, bu razılaşmalara İranın nüvə silahına sahib olmaması, Hörmüz boğazının açıq saxlanılması və onun hərbiləşdirilməməsi kimi məsələlər daxildir.
Politoloq əlavə edib ki, ABŞ-ın İranla tam razılığa gələ bilməməsi Yaxın Şərqdə Vaşinqtonun nüfuzuna təsir göstərə bilər və alternativ güclərə, xüsusilə Çinə meyillənməni artıra bilər.
Onun fikrincə, İranla bağlı gərginliklərin davam etməsi regionda təhlükəsizlik balansını daha da mürəkkəbləşdirir və qlobal güclər arasında yeni geosiyasi rəqabəti gücləndirir.