ABŞ və İran Hörmüz boğazı məsələsində razılıqdan uzaqdır

ABŞ və İran Hörmüz boğazı məsələsində razılıqdan uzaqdır
10:43

Yaxın Şərqdə gərginliyin artması fonunda Hörmüz boğazının gələcək statusu yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Ekspertlər hesab edirlər ki, ABŞ və İran arasında bu məsələdə ciddi fikir ayrılığı mövcuddur və tərəflərin yaxın zamanda ortaq mövqeyə gəlməsi çətin görünür.

Politoloq Əlimusa İbrahimov mövzu ilə bağlı News365.az-a açıqlamasında bildirib ki, Hörmüz boğazında müharibədən əvvəlki vəziyyətin bərpası real görünmür.


“Hazırkı vəziyyətdə Hörmüz boğazının müharibədən əvvəlki vəziyyətə qayıtması mümkün deyil. İranın əsas məqsədi də məhz budur ki, əvvəlki status bərpa olunmasın. Çünki əvvəllər boğaz İranın tam nəzarəti altında deyildi”, – deyə o qeyd edib.

Politoloqun sözlərinə görə, texniki baxımdan boğazın qısa müddətdə tam fəaliyyətə qaytarılması mümkündür:

“Prinsip etibarilə 30 gün ərzində tam fəaliyyətə qayıtmaq mümkündür. Amma bunun üçün ABŞ və İran arasında razılıq əldə olunmalıdır. Tərəflərin verdiyi son bəyanatlar isə göstərir ki, onlar hələ bu razılaşmadan çox uzaqdırlar”.

Əlimusa İbrahimov bildirib ki, Vaşinqton və Tehran Hörmüz boğazının gələcək idarəçiliyi ilə bağlı fərqli mövqelərə malikdir:

“ABŞ əvvəlki vəziyyətin bərpa olunmasını istəyir. Əvvəlki vəziyyət isə o idi ki, Hörmüz boğazı İran və Oman nəzarətindən kənarda beynəlxalq su yolu kimi fəaliyyət göstərirdi və gəmilər sərbəst şəkildə istifadə edirdi. İran isə boğazın gələcəyini tamamilə başqa formada görür”.

Ekspert qeyd edib ki, Tehran boğazdan keçən gəmilər üzərində iqtisadi nəzarəti gücləndirmək niyyətindədir:

“İran əvvəllər boğazdan keçən gəmilərdən rüsum alınması məsələsini gündəmə gətirmişdi. Sonradan bu məsələdə müəyyən geri addım atıldı. Amma indi həmin rüsumlar başqa formada təqdim olunur. Məsələn, gəmilərin bələdçilik xidməti, sığortalanması, təhlükəsizlik yoxlamaları, ekoloji nəzarət və digər xidmətlər adı altında İran müəyyən ödənişlər toplamağı qarşısına məqsəd qoyur”.


Sizin reklam burada
Sizin reklam burada