ABŞ Çinə qarşı sanksiyaları daha da genişləndirib. Vaşinqton bu dəfə daha 43 Çin şirkətini sanksiyalar siyahısına daxil edib.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin açıqlamasına görə, qərar Uyğurların Məcburi Əməyinin Qarşısının Alınması Qanunu çərçivəsində qəbul olunub.
Bildirilib ki, sözügedən şirkətlərin məhsullarının Sincan Uyğur Muxtar Bölgəsində məcburi əməkdən istifadə edilməklə istehsal olunduğu iddia edilir. Bu səbəbdən həmin məhsulların ABŞ-a idxalı qadağan edilib.
Yeni qərardan sonra sanksiya siyahısında yer alan Çin şirkətlərinin sayı 187-yə çatıb. Bu, əvvəlki göstərici ilə müqayisədə təxminən 30 faiz artım deməkdir.
Məlumata görə, bu, indiyədək bir qərarla ən çox Çin şirkətinin sanksiya siyahısına salındığı haldır. Qərar avqustun 3-dən qüvvəyə minəcək.
ABŞ administrasiyası məqsədin məcburi əməyin nəticəsində istehsal olunduğu iddia edilən məhsulların Amerika bazarına daxil olmasının qarşısını almaq olduğunu bəyan edib. Çin isə bu ittihamları qəti şəkildə rədd edir.