2024-cü ildə 1305 daşıyıcıya, 178 operatorun məsul şəxsinə 133 ədəd Beynəlxalq daşımalar (BYD sertifikatı) haqqında təlim-tədris keçirilərək şəhadətnamələr verilib.
Bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş katibi Kənan Qurbanov qurumun illik hesabatı zamanı məlumat verib.
Bildirilib ki, eyni zamanda, hesabat dövründə 330 daşıyıcıya təhlükəli yüklərin daşınması barədə təlim kursları keçirilərək şəhadətnamələr təqdim olunub. 2024-cü ildə daşıyıcılara 1624 ədəd “TİR Karnet” kitabçası verilib. Kənan Qurbanov qeyd edib ki, bu il ABADA Birləşmiş Millətlər Təşkilatının İqtisadi Şurasının elektron əmtəə nəqliyyat qaiməsi (e- SMR) tətbiqi ilə bağlı tədbirlərdə, eyni zamanda Rusiya Federasiyasının Sankt- Peterburq şəhərində keçirilmiş Beynəlxalq İqtisadi Forum çərçivəsində “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlı “dəyirmi masa”da iştirak edib.
Hesabat ilində ABADA üzvlərinin ümumi yığıncaqları, hər ay mütəmadi olaraq qurumun İdarə Heyətinin iclasları keçirilib. Rusiya Federasiyasının Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası ilə əməkdaşlıq haqqında memorandum imzalanıb.
Həmçinin qurum Türkiyə Respublikası və İran İslam Respublikası nəqliyyat qurumları ilə keçirilən görüşlərdə iştirak edib. Beynəlxalq daşımaların inkişafı ilə əlaqədar və təhlükələri yüklərin beynəlxalq daşımaları haqqında Konvensiyaya uyğun olaraq, normativ sənədlərin hazırlanması, həmçinin avtodaşıyıcılarımızın xarici ölkələrdə rastlaşdıqları problemlər barədə və onların həlli məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təkliflər verilib.
Hesabat dövründə BYD kitabçasının istifadəsinin genişləndirilməsi üçün tədbirlər həyata keçirilib və bu məqsədlə Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə görüşlər olub. “ABADA cari ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin Assosiasiyalarının Konfederasiyasının (BSEC – URTA) iclasında, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) Baş Assambleyasının iclasında, “Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu”nda, CLDP, USAD, İRU və GiZ beynəlxalq təşkilatların təşəbbüsü ilə keçirilmiş Trans- Xəzər və Logistika beynəlxalq iclasında iştirak edib”, - deyə K.Qurbanov diqqətə çatdırıb.