Bakı-Balakən-Bakı sərnişin qatarının fəaliyyətə başlaması ilə bağlı MÜHÜM AÇIQLAMA

Bakı-Balakən-Bakı sərnişin qatarının fəaliyyətə başlaması ilə bağlı MÜHÜM AÇIQLAMA
27 Dek 2024 15:36

“İstənilən infrastruktur ölkə iqtsadiyyatında mühüm rol oynayır. Xüsusən də dəmir yolu nəqliyyatı ölkənin sosial-iqtisadi həyatında mühüm yer tutur. Bu mənada son illərdə Azərbaycan Dəmir Yollarında həyata keçirilən məqsədyönlü islahatlar təqdir edilməlidir. İndi çox rahatlıqla yeni nəsl qatarları ilə Sumqayıt, Gəncə, Şəmkir və digər şəhərlər səfər etmək olur”.

Bunu Bakı-Balakən-Bakı sərnişin qatarının fəaliyyətə başlaması ilə bağlı News365.az ilə fikirlərini bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib. O bildirib ki,  dəmir yollarında rentabelli və gəlirli sahə məhz yükdaşımalardır:

“Bununla belə, ADY rəhbərliyi vətəndaşlara xidmət keyfiyyətinin, müştəri məmnuniyyətinin artırılmasına, daxili resursları hesabına bölgə sakinləri üçün nəqliyyat xidmətlərinin əlçatan olmasına çalışır. Bu mənada Bakı-Balakən-Bakı qatarının yenidən fəaliyyətə başlaması böyük hadisədir. Qurumdan verilən məlumata görə qatar gecə saatlarında hərəkətdə olacaq. Bu da yaxşıdır. Çünki, uzaq yola çıxan adamlar həm əziyyət çəkməyəcək, həm də əlavə vaxt itkisi ilə üzləşməyəcək. İstər Balakənə, istərsə də Zaqatalaya və əks istiqamətə yola çıxan sərnişin gün ərzində planlaşdırdığı işləri görüb, axşam geri dönəcək”.

Müsahibimiz sərnişinlərə təklif olunan xidmətlərin çoxluğundan da danışıb:

“Yəni sərnişin cibinə və istəyinə uyğun olaraq standart, standar+ və biznes vaqonlarda təklif olunan qiymətlərə görə müxtəlif xidmətlər təqdim olunur.  Hətta yüklərə də müəyyən güzəştlər var. Məsələn, standart və standart+ sinifləri üçün ödənişsiz yük həcmi 36 kiloqram, biznes sinif üçün isə 50 kiloqramdır. Bu, o biri  qatarlarda 23 kiloqramdır.

Bundan əlavə, yol boyu “W-Fi” xidməti aktiv ediləcək. Bu, sərnişinlərə mobil cihazları vasitəsilə yazışmalar və onlayn axtarış kimi imkanlar verəcək. Eyni zamanda, regiondakı bütün stansiyalarda, o cümlədən Şəki, Qax Zaqatala, Balakəndə avtomobilləri saxlamaq üçün pulsuz yerlər müəyyən edilib. Bu da əlavə stimuldur”.

Akif Nəsirli hesab edir ki, uzaq bölgələrə ən yaxşı nəqliyyat vasitəsi dəmir yoludur:

“Nəzərə alaq ki, Balakən də kifayət qədər uzaq rayondur. Avtobusla və yaxud avtomobillə 500 kilometr yol qət eləmək çox yorucudur. Üstəlik də iqtisadi cəhətdən səmərəli deyil. Amma, gecə saatlarında komfortlu qatarlarda uzaq bölgələrə səfər etmək kifayət qədər maraqlıdır. Ümid edək ki, yaxın gələcəkdə digər bölgələrimizə də dəmir yolu ilə səfər etmək fürsəti qazanacağıq”.

News365.az


Youtube kanalımız