Cinayətkarlığa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir. Qırğız Respublikasının vətəndaşı - 1994-cü il təvəllüdlü Tadzhimatov Kamoliddin Salicanoviçin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə ekstradisiya olunmasına dair Rusiya Federasiyası Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bu barədə News365.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Rusiyada yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda cinayətini törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş Tadzhimatov Kamoliddin Salicanoviç 2026-cı ilin mart ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanına təhvil verilib.
Baş Prokurorluğun sorğusu əsasında beynəlxalq axtarışda olan təqsirləndirilən şəxslər ölkəmizə ekstradisiya edilib.
Məlumata görə, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Kazımov Emil Faiq oğlu, Məmmədov Cabbar Məmmədrza, Əliyev Habil Hüseyn oğlu, Babayev Fuad İlqar oğlu və Quliyev Kənan Əli oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Belə ki, Emil Kazımovun külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq, Cabbar Məmmədovun təkrar dələduzluq, Habil Əliyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla törədilən oğurluq, Fuad Babayev və Kənan Quliyevin isə bir qrup şəxs halında silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar axtarışa veriliblər.
Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.