4,2 milyonluq sifariş alan şirkət "qara siyahı"ya salındı

4,2 milyonluq sifariş alan şirkət "qara siyahı"ya salındı
11:03
Dövlət satınalmalarında fəal iştirak edən və milyonluq tenderlərin qalibi seçilən "Ricon" MMC etibarsız təchizatçılar siyahısına salınıb. 

News365.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu səbəbdən şirkətin 2027-ci ilin iyul ayına qədər satınalma müsabiqələrində iştirakına qadağa qoyulub. 

Araşdırmalarımız zamanı məlum olub ki, "Ricon" MMC 2025-ci ildə 2 sifariş alıb. Satınalma müqavilələri Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi ilə imzalanıb. Müqavilələrin ümumi maliyyə dəyəri 4 279 647,10 manat təşkil edir. 

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi  ilə bağlanmış müqavilədə Ağdam rayonu, Şahbulaq kəndi ərazisində yerləşən Şahbulaq qalasının bərpası və qala ətrafında turizm infrastrukturunun yaradılması, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi ilə imzalanmış müqavilədə isə 10 saylı Lənkəran Ərazi İdarəsinin inzibati binasında təmir və yenidənqurma işlərinin satın alınması nəzərdə tutulur. 

"Ricon" MMC 11 iyun 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin qanuni təmsilçisi İsmayılov Rəşad Rəhim oğludur. 

Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. "Ricon" MMC-nin veb-səhifəsi olsa da, aktiv deyil. 

Şirkətin qanuni təmsilçisi Rəşad İsmayılov haqqında heç bir məlumata rast gəlinmir. 

O da məlum olub ki, "Ricon” MMC "RVR LTD” MMC adı ilə fəaliyyət göstərib. 

Seyid



Sizin reklam burada
Sizin reklam burada