Bağlanan verişlərin yerinə normal verilişlər açılmalıdır. Televiziya yalnız çal-çağır və qalmaqal nümayişi üçün deyil. Xalqa fayda verən, hər gün oradan nəsə öyrənə biləcəyi, ibrətamiz, əxlaqi, mədəni verilişlər olmalıdır.
Ən azından nəsə verməsə də belə olanı da almasın. Bəzi xarici kanallar var, heyvanlar aləmindən, kainatdan bəhs edən proqramlar verirlər. Şir, pələngə, it-pişiyə baxmaq efirləri murdarlayan bəzi adamlara baxmaqdan daha faydalı olar zənnimcə.
Bir adamın əxlaqını, mənəviyyatını pozmaq üçün sadəcə bizim televiziya kanallarındakı bəzi pozğun verilişlərə baxması kifayətdir.
Buraxma teleseriallar, pozğun tamaşalarla da bir tərəfdən cəmiyyətin mənəviyyatını korlayırlar. Hansı teleseriala baxırsan ərini aldadan qadın, ailəsinə xəyanət edən kişi obrazları və bu aldatmaların yolları nümayiş olunur. Ailəni necə dağıtmaq, necə hiylə işlətmək, necə əyri yollara getmək olarsa hamısının "sirləri" və nümunələri bu seriallarda toplumun beyninə yeridilir, aşılanır.
Küçə sözləri, jarqon ifadələrlə, qaba ləhcə sözləri ilə düşük obrazlar təngə gətirib ziyalı nəsli! Yaşlı ana, yeniyetmə uşaqla oturub o tamaşalara, seriallara baxmaq sadəcə mümkün deyil. Dilimizi də məhv edirlər beləcə...
Tamaşalarda əxlaqsız ifadələr, naməhrəm ibarələr, pozğun eyhamlar ani gülüş yaratsa da əbədi göz yaşı gətirir əslində cəmiyyətə.
Tamaşalarda elə iyrənc məzmunlar, elə əxlaqsız nümunələr nümayiş olunur ki, heç kalafada mal cütləşdirən çobanlar təklikdə belə o ifadələri işlətməyə həya edər...
Çox qəribədir ki, bu cür pozğun tamaşaları ərsəyə gətirənlər, ssenari yazanlar, aktyorlar axırda müqəddəs yerlərə ziyarətə gedib barmağına da böyük qaşlı üzük taxaraq sanki günahlarını yumağa çalışırlar. Demək, özləri də sonda başa düşür ki, xalqa ziyan vurublar. Amma nə Həcc, Kərbəla, nə də Məşhəd bu günahları yumaz. Ta ki, dillərə saldıqları pozğun və ədəbsiz mövzular silinməyincə, mənəvi zərər çəkənlərin ziyanı bərpa olunmayınca...
Televiziya valideynlərdən, məktəbdən, müəllimdən daha çox təsir qoyur uşaqlarda. Əgər televiziya təmiz deyilsə, məktəb də, təhsil də, tərbiyə də hədər gedəcək. Əxlaqı, mənəviyyatı, mədəniyyəti, ruhaniyyəti xırman küləyi kimi sovurub aparacaq...
Alimlərin, pedaqoqların, müxtəlif sahələrdə istedadlı adamların yeridir efir. Şairlər, yazıçılar sanki bu xalqın ögey övladıdır. Elə xəsisliklə, elə minnətlə efirə çıxarırlar ki... Küçə adamlarını çıxarıb dilimizi də korladılar. Yazıçı, şairləri çıxarmaq lazımdır, gündə beş - on şeirini desin ki, uşaqlar dilimizin ifadə tərzini, şeir intonasiyasını, xalqının yaradıcı simalarını tanısınlar, öyrənsinlər. Televiziyalar elə mənfur təəssürat yaradır ki, sanki bütün sənət və peşələrin şahı müğənnilikdir. Ona görə də hamı müğənni olmaq istəyir. Düşünür ki, ac şair, yalavac yazıçı, fəqir alim olmaqdansa müğənni olub efirlərdə məşhur olmaq yaxşıdır.
Sanki xalqımızın incəsənət adamlarından savayı üzə çıxası alimi, şairi, yazıçısı, müəllimi, istedadlı adamı yoxdur.
Televiziya tərbiyə aşılamalıdır, olan tərbiyəni də pozmamalıdır...
Tural İrfan, politoloq