"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində layihə icra olunub.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, ərazidəki arakəsmə ləğv edilib və Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti və "20 Yanvar" dairəsi istiqamətində birbaşa çıxış təmin edilib. Bununla da nəqliyyat vasitələrinin Əbdülvahab Salamzadə küçəsindən sağa döndükdən sonra Tbilisi prospektində geriyədönmə etməsi nəticəsində yaranan yüklülük aradan qaldırılıb.
Eyni zamanda, bu kəsişmə işıqforla nizamlandığından piyadaların rahat hərəkəti üçün təhlükəsiz keçid imkanları yaradılıb.
Layihə icra edilmədən əvvəl Qələbə dairəsindən Əbdülvahab Salamzadə küçəsi ilə Ziya Bünyadov prospekti və 20 Yanvar dairəsi istiqamətində hərəkət etmək istəyən nəqliyyat vasitələri Tbilisi prospektində yerləşən geriyədönmə sahəsindən istifadə edirdi. Əbdülvahab Salamzadə küçəsindən sağa döndükdən sonra qısa məsafədə sol zolağa keçərək geriyədönmə edən nəqliyyat vasitələri Tbilisi prospekti ilə gələn nəqliyyat vasitələrinin sürətini əhəmiyyətli dərəcədə azaldırdı və həmin hissədə ciddi sıxlığa səbəb olurdu. Yeni layihənin icrasından sonra Əbdülvahab Salamzadə küçəsi ilə hərəkət edən avtomobillərin geriyədönmə manevrlərinə ehtiyac aradan qaldırılacaq və hərəkətin axıcılığı təmin ediləcək.
Tbilisi prospekti ilə hərəkət edib geriyə dönmə həyata keçirmək istəyənlər üçün həmin geriyədönmə yeri olduğu kimi saxlanılır.