Küveyt Neft Korporasiyası (KNK) ölkənin Əhmədi limanındakı neft emalı zavoduna dron hücumundan sonra yanğın baş verdiyini bildirib.
News365.az xəbər verir ki, bu barədə "KUNA" xəbər agentliyi korporasiyaya istinadən məlumat yayıb.
Bildirilib ki, Əhmədi neft emalı zavodundakı istehsalat bölmələrindən birinə cümə axşamı səhəri dron hücumu edilib və nəticədə kiçik yanğın baş verib. Lakin heç kim xəsarət almayıb", - deyə məlumatda qeyd olunub. Xəbərə görə yanğın artıq lokallaşdırılıb.
Bundan əlavə, KNK bildirib ki, İranın dron hücumundan sonra paytaxt Küveytdən 45 kilometr cənubda yerləşən "Port Abdullah" neft emalı zavodundakı istehsalat bölmələrindən birində də yanğın baş verib. Məlumata görə, işçilərin və obyektin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirlər görülüb. Heç bir tələfat və ya mümkün maddi ziyan barədə məlumat verilməyib.