Bir müddətdir ki, evdə ən yüksək səviyyədə müalicə alıram. Peşəkar tibb bacıları məni müalicə edir və özümü daha yaxşı hiss edirəm.
News365.az xəbər verir ki, bunu Kult.az-a açıqlamasında xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov səhhəti ilə bağlı danışarkən bildirib.
Şeyx Əbdül deyib ki, artıq ağrıları xeyli azalıb:
“Hazırda 4 xəstəlikdən əziyyət çəkirəm və hamısı da bir-birinə çətinlik yaradır, birinin müalicəsi digərinə əks-təsir göstərir. Həm də yaş faktoru var. Buna görə də həkimlərim öz aralarında məsləhətləşərək məni müalicə edir. Artıq ağrılarım 60-65% azalıb.
Yazın gəlişi ilə ovqatım yaxşılaşır ki, bu da müalicəmə müsbət təsir göstərir”.
Xalq artisti əlavə olaraq qeyd edib ki, psixoloji olaraq çətin vəziyyətə düşməyinin səbəbi ev ilə bağlı yaşadığı problemdir:
“Mütəxəssislər deyir ki, yaşadığım ev mənim müalicəmə mənfi təsir göstərir. Qış parkı salınarkən mənim evim zərər gördü və şirkətlərdən biri bizi həmin ərazidən başqa yerə köçürdü. İndi isə əlimdə məhkəmə qətnaməsi olduğu halda, dörd ildir ki, damda-bacada yaşayıram. Qarşılaşdığım problemlərlə bağlı cənab Prezidentimizə və aidiyyəti qurumlara müraciət hazırlamışam. Bayramdan sonra müraciətimi göndərəcəyəm və əlimdə olan məhkəmə qətnaməsinin icrasını tələb edəcəyəm”.