31 dekabr-
Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu gün necə təsis olunub, ideya
haradan qaynaqlanıb və bunun üçün hansı yollardan keçmişik?
Bu və digər
suallara cavab tapmaq üçün tanınmış ziyalı Akif
Şahbazovla həmsöhbət olduq. Həmin
müsahibəni təqdim edirik:
- Akif
müəllim, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi ideyası necə
yaranıb?
- Tale elə gətirib ki, azərbaycanlılar dünyada ən
çox diskriminasiyaya, parçalanmaya məruz qalan xalqlardan biri olub. Hətta
zamanla bu xalqın milli kimliyini unutdurmaq üçün çox sayda fitnə-fəsadlar törədilib.
XX əsrin əvvəllərinə qədər Azərbaycan və yaxud azərbaycanlı ifadəsini işlətmək
qadağan olub. Çar Rusiyası zamanı azərbaycanlılara “tatarlar” deyə müraciət
olunurdu. Yeni formalaşan milli mətbuatda isə azərbaycanlılar yox, “müsəlmanlar”
deyə xitab olunurdu. Ona görə də dövlət müstəqilliyimizin birinci dönəmində
milli dəyərələrimizə və ən əsası milli kimliyimizə sahib çıxmaq üçün böyük təşəbbüslər
oldu. Həmin təşəbbüslərdən biri də Yeni ilin və təqvimin dəyişdirilməsi idi.
Lakin, bolşeviklərin Azərbaycanı işğal etməsi səbəbi ilə bir çox layihələr, o
cümlədən Yeni ilin vaxtının dəyişdirilməsi prosesi yarımçıq qaldı.
- Bəs,
sonrakı proseslərdə nə baş verdi?
- Belə təşəbbüslər çox olub. Azərbaycan
ziyalıları hər zaman istəyiblər ki, Yeni il-1 yanvarın bayram kimi qeyd edilməsi
gündəmdən çıxarılsın. Əvəzinə yeni milli təqvim hazırlansın. Əksəriyyətsə belə
bir fikirdə olub ki, dekabrın 31-i azərbaycanlıların həmrəyliyi günü qeyd
edilsin və 1 yanvar kölgədə qalsın. Bununla bağlı ən böyük təşəbbüs 1944-cü ildə olub. O zaman xaricə
mühacirət etmiş azərbaycanlılar və legionerlər arasında birlik yaratmaq üçün bu
ideyanı Fətəlibəy Düdənginski ortaya atıb. Hətta 1944-cü ildə Almaniyada
keçirilən qurultayda dünya azərbaycanlıları arasında bu məsələ müzakirə edilib.
Qurultayda Almaniya, Fransa, İtaliya, Yuqoslaviya, Çexoslovakiya, Polşa,
Finlandiya, İngiltərə, Norveç, Türkiyə kimi ölkələrə müharibənin acı şərtlərinin
səpələdiyi müxtəlif legionların əsgər və zabitlər iştirak edib. Həmin
qurultayda da müzakirə olunan əsas məsələlərdən biri azərbaycanlıların Yeni il
və həmrəylik günü üçün tarixlərin müəyyən edilməsi olub. Çıxış edənlərin bir
qismi 21 martı dünya azərbaycalılarının həmrəylik və yeni il kimi qeyd edilməsini
təklif edib. Başqa bir dəstə isə məhz dekabrın 31-ni bunun üçün ən münasib
tarix olduğunu bildiriblər. Sonda işçi qrupuna növbəti qurultaya qədər təkliflər
hazırlamaq tapşırılıb. Lakin, İkinci Dünya müharibəsinin nəticələri ikinci
qurultayın baş tutmasına imkan verməyib.
- Bəs, necə oldu ki, 90-cı illərin əvvəllərində
Dünya azərbaycanlıların həmrəylik günü təsis edildi?
- Bunun da maraqlı tarixçəsi var. Bildiyiniz
kimi 1988-ci ilin 17 noyabrından başlayaraq milli azadlıq mübarizəsi açıq müstəviyə
keçdi. Və indiki Azadlıq meydanı xalqın həmrəylik yerinə çevrildi. Meydan hərəkatı
10 gün sonra ordu gücü ilə dağıdıldı. Kütləvi həbslər oldu. Və Moskvanın göstərişi
ilə Azərbaycanda Fövqəladə vəziyyət elan olundu. Belə vəziyyətdə yürüş və
mitinqlərin keçirilməsi çox ətin idi. Ona görə hərəkat üzvləri bölgələrə üz
tutdu. Siyasi proseslər bölgələrdə daha fəal inkişaf etməyə başladı. Və 1989-cu
ilin dekabrın ortalarından başlayaraq Sovet Azərbaycanı ilə İran sərhədlərinin
dağıdılmasına başlanıldı. Təsəvvür edin ki, 10 gün ərzində Naxçıvandan Astaraya
qədər bütün sərhədboyu ərazilərdə o
taylı-bu taylı soydaşlarımız əliyalın şəkildə tikanlı məftilləri söküb dağıtdılar.
Bu aksiyada onminlərlə soydaşımız iştirak edirdi. Və böyük insan seli
qarşısında həm sovet, həm də İran sərhdçiləri aciz qalmışdı. Bir məqamı da qeyd
edim ki, o zaman sərhədlərin dağıdılmasının əsas səbəbi Moskvaya bir mesaj vermək
idi. Çünki, o zaman SSRİ rəhbərliyi açıq şəkildə Ermənistanı müdafiə edirdi.Ona
görə də sərhədlərin dağıdılması ilə Moskvaya çatdırıldı ki, əgər ermənipərəst
siyasət davam etsə Azərbaycanlılar İranla birləşməyə qərar verəcək. Əslinə
baxsan SSRİ-nin dağıdılmasında “Sərhəd hərəkatı”nın xüsusi payı var.
- Çox şanlı bir tarixdir…
- Bəli, doğru deyirsiniz. Yadımdadır ki, 1990-cı ilin 1 yanvarına o taylı, bu taylı soydaşlarımız çox fərqli şəkildə qədəm qoydu. Şaxtalı havaya baxmayaraq insanlar Arazı üzərək qarşı tərəfə keçirdilər. Sahilboyu ərazilərdə insan seli “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun”, “Azərbaycan var olsun, istəməyən kor olsun” deyə hayqırırdı. Hətta bəzi adamlar sərhəd məftillərindən maraqlı kompazisiyalar düzəldib, bir-birlərinə hədiyyə edirdi. Dəqiq deyə bilərəm ki, 1989-cu ilin 31 dekabr axşamında hər bir quzeyli azərbaycanlının evində bir güneyli qonaq var idi. O gün sözün həqiqi mənasında azərbaycanlılrın həmrəylik günü idi.
- Akif müəllim bəs, bu gün necə rəsmiyyət
aldı?
- “Sərhəd hərəkatı”ndan
bir il sonra1990-cı ilin dekabrında
İstanbulda sərhəd hadisələrinin ildönümü qeyd edildi. İstanbulda Dünya
Azəri Türk Dərnəyinin birinci qurultayında dekabrın 31-nin Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü kimi qeyd olunmasına dair qərar verildi. Bir daha deyirəm ki, o
vaxtadək həmin günə qədər Dünya Azərbaycanlılarının Həmrəylik Gününün 21 martda
keçirilməsi daha çox səslənən fikirlərdən idi.
Nəhayət, 1991-ci ilin dekabrında Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisində müzakirələr başladı. Və 16 dekabr 1991-ci ildə Ali Məclis bununla bağlı qərar qəbul etdi. Qərar 6 bənddən ibarət idi. Əsas bənd isə o idi ki, bundan sonra 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü istirahət günü kimi qeyd edilsin. Dahi öndərin 31 dekabrın üzərində dayanmasının bir sıra səbəbləri vardı. Əsas səbəb o idi ki, Heydər Əliyev elə bir qərar almağı düşünürdü ki, ondan incik düşən icmalar olmasın. Çünki, Azərbaycan hər zaman tolerant ölkə olub. Əgər Yeni ildən imtina edilsə və XX əsrin sonlarında yeni təqvim hazırlansaydı bu həm ciddi çətinliklər yaradardı, həm də ölkəmizdə yaşayan xristian xalqları incik sala bilərdi. Ona görə də hədəf 31 dekabr seçildi. Beləliklə, Yeni il ərəfəsində dünya azərbaycanlılara yeni-yeni mesajların verilməsi imkanı qazanıldı, həm də Yeni il axşamı çox nəzakətli şəkildə gündəmdən düşürüldü. O vaxtan başlayaraq hər birimiz Yeni il təbrikimizdən öncə həmrəylik günü ilə bağlı diləklərimizi dilə gətiririk. Axşam da süfrə arxasında oturanda Yeni ildən daha çox həmrəylik gününü qeyd edirik.Bütün bunlarsa Ümummilli liderin siyasi müdrikliyinin təntənəsi idi.
Bundan sonra
dahi öndər Azərbaycan Respublikasının Ali Soveti qarşısında vəsatətlə çıxış
etdi. Və elə həmin ilin 25 dekabrında Azərbaycan
Respublikası Ali Sovetinin sədri tərəfindən imzalanan 38 saylı qərarla hər il
31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi keçirilməsi qanuni əksini
tapdı. 1992-ci ildə 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü elan
edilməsi ilə bağlı dövlət səviyyəsində qərar qəbul edildi və bununla da 31
dekabr həmrəylik günü kimi öz mövqeyini daha da gücləndirdi.
- Bəs, Dünya azərbaycanlılarının qurultayının
keçirilməsi ideyası necə yarandı?
- Dünya azərbaycanlılarının qurultayının
çağırılması ilə bağlı ilk təşəbbüs 1992-ci ildə olub. "Dünya azərbaycanlılarının
qurultayının çağırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin
24 dekabr 1992-ci il tarixli, 255 nömrəli Sərəncamına əsasən Bakıda dünya azərbaycanlılarının
qurultayının çağırılması qərara alındı. Həmin Sərəncamla Dünya azərbaycanlılarının
qurultayını keçirmək üçün Azərbaycan Respublikasının Prezidenti sədrliyi ilə Təşkilat
Komitəsi yaradıldı. "Dünya azərbaycanlılarının qurultayını keçirmək üçün
yaradılmış təşkilat komitəsinin tərkibinə əlavələr edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 30 yanvar 1993-cü il tarixli, 293 nömrəli Sərəncamına
əsasən Təşkilat Komitəsinin tərkibinə əlavələr edildi. Lakin qurultay məlum
olmayan səbəblərdən baş tutmadı. Və nəhayət, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə 2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I
qurultayı keçirildi. Qurultay dünya azərbaycanlılarının birləşdirilməsi, bu sahədə
mövcud olan problemlərin aradan qaldırılması istiqamətində mühüm hadisəyə
çevrildi. Qurultayda dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev dünya
azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan
dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya
çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, o cümlədən, ana
dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi
haqqında fikirlərini bildirdi.
“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bugündə fəxr edirəmki, mən azərbaycanlıyam!”- müdrik rəhbərin bu kəlamları hərbir həmvətənlərimiz üçün milli qürur rəmzinə çevrildi. Bunun davamı olaraq Ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Sonradan, qurumun adı dəyişdirilib Diasporla İş üzrə Dövlət Komitəsi oldu.
Azərbaycan
Prezidenti İlham Əliyev Ümummilli liderin siyasi varisi olaraq digər sahələrlə
yanaşı bu sahəni də hər zaman prioritet hesab edib. Məhz onun təşəbbüsü ilə
Dünya azərbaycanlılarının II qurultayı 2006-cı ildə, III qurultay 2011-ci ildə,
IV qurultay 2016-cı il, V qurultay isə 2022-ci ilin aprelində keçirildi.
Qürurla deyək ki, V qurultay azərbaycanlıların Qüdsü- Şuşada keçirildi. Müstəqil
və suveren Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşada belə bir mötəbər tədbirin
keçirilmisə çox qürurverici və əlamətdar hadisədir.Şuşada keçirilən qurultay həm
də yeni perspektivləri müəyyən etmək məqsədi daşıyırdı. Bildiyimiz kimi 44
günlük müharibədə xaricdəki diaspor təşkilatları çox güclü şəkildə Azərbaycan
Prezidentini, Azərbaycan xalqını və Ordumuzu dəstəklədi. Eləcə də Azərbaycan həqiqətlərinin
dünyaya daha dolğun şəkildə çatdırılmasında diaspor təşkilatlarının böyük rolu
oldu. Ona görə də qələbənin əyani şəkildə Şuşada qeyd edilməsi dünyada yaşayan
bütün azərbaycanlıların mənəvi haqqı idi. Məhz Azərbaycan lideri də bu
reallıqları nəzərə alıb 2022-ci ildə xaricdəki diaspor təşkilatların 400-dən
artıq nümayəndəsini Şuşaya topladı. Ona görə də V qurultay daha çox
bayramlaşmaq və bölüşmək missiyasını daşıyırdı.
- Bayram ərəfəsinə arzularınızı da eşitmək
istərdik…
- Dünyanın 5 qitəsinə yayılmış 50 milyondan
artıq azərbaycanlını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti
ilə səmimi qəlbdən təbrik edirəm. Qoy hər bir azərbaycanlının başı üzərində hər
zaman aydın səma olsun, qəlbində azərbaycançılıq eşçi coşsun və növbəti ildə
Bütöv Azərbaycan üçün daha böyük uğurlara imza ataq. Bu gün dövlət sərhədimizi əhatə
edən hər qarış torpagımızda Azərbaycan Respublikasının bayrağı dalgalanır. Gün
o gün olsun ki, tarixi torpaqlarımızın hər qarışında bayraqlarımız dalgalansın,
İnşallah!
- Biz də Sizi bu bayram münasibəti ilə təbrik
edir, maraqlı müsahibə üçün “sağ olun” deyirik.
News365.az