İslam dininə görə insan mümkün olduğu qədər Rəbbini xatırlamalıdır. Çünki hal və hərəkətlərinə nəzarət edən kəsin sayəsində xəta və günahlardan uzaq ola bilir, məsuliyyətini anlayır. Bəzən imanı zəif olan kəslər Allahı yalnız başlarına iş gələndə, bir bəlaya düşəndə xatırlayırlar. Amma əsl möminlər xoş gündə də, dar gündə də öz Yaradanını yada salıb ona dua edir, şükr edirlər. Bu dualar da onları dünya və axirətin bədbəxtliyindən qoruyur. Əsas olan Allaha qarşı sədaqətli olmaqdır. Özünə sərf edəndə, özünə lazım olanda yox, hər zaman, hər yerdə Allahı xatırlamaqdır.
Məlum təyyarə qəzası ərəfəsində sərnişinlərdən biri kəlimeyi şəhadət söykəyərək Allahın böyüklüyünə sığınır, dua edir və sağ - salamat xilas olur. Şübhəsiz ki, yaşadan və öldürən yalnız Allahdır. Ancaq burada mütləq şəkildə Allahın iradəsi danılmazdır. İnsan təhlükə anında Allahın mütləq onu xilas edəcəyinə inanaraq dua edərsə bu inam sahəsində mütləq xilas edilər. Yox, şübhə edərsə, hər ehtimala qarşı, bəlkə xilas edər deyə ona üz tutarsa bundan nəticə almaq olmaz. Allaha inanan və sığınan, yalnız ondan mədəd uman insan amandadır. Həmçinin bu kimi qəzalarda, təhlükəli zamanlarda imanı sayəsində ölümü xatırlayır, Allaha qovucağını təsəvvür edir və təmkinli, səbrli, həlim davranır. Belə hallarda təmkinli və nikbin olmaq, psixoloji aramlıq içində sabit qalmaq elə mütəxəssislər tərəfindən də tövsiyyə olunan hallardır. Belə qəzalarda sağ qalanlar da Allahın hikməti sayəsindədir, vəfat edənlər də. Baş verən hər bir hadisə qəza və qədərin tərkib hissəsidir. Vəfat edənlərin ömür müddəti həmin gün tamam olmuşdu, bu əcəldir. Amma hansı hadisə zamanı baş verməsi, sırf təyyarə faciəsi vaxtı ölmələri isə qəzadır. Peyğəmbər buyurub ki, qəzalarda ölənlər, zəlzələ, sel, uçqun zamanı vəfat edənlər, doğuş zamanı ölən qadınlar, vəba kimi oxşar xəstəliklərdən həyatını itirənlər şəhid hökmündədirlər. Dünya meyarına görə belə qəzalarda həlak olanları biz itki saymamalıyıq, çünki onlar xeyirli axirət aqibəti qazanırlar. Saö qalanlar isə Allaha daha da sıx bağlanır, onun hikməti sayəsində ömürlərinə möhlət verildiyinə bir daha əmin olurlar. İnsan bütün təhlükəli hallarda ən azı kəlimeyi şəhadətini dilə gətirib ölümə hazır olmalıdır. Mömin ölümdən qorxmaz, yalnız Allahın hüzuruna hazırlıqsız getməsindən qorxar. Ona görə də xəstəlik zamanı, sabah - axşam, təyyarədə, gəmidə, avtomobildə, hər yatanda, qalxanda, təhlükə oldu - olmadı müsəlman hər zaman şəhadət kəliməsini deməlidir. Bu kəlimə möminin açarıdır. Elə Cənnətin də açarıdır. Əgər Allah bu kəlimə sayəsində bəşəriyyəti axirətdəki Cəhənnəm əzabından xilas etməsini müjdə verirsə, demək həmin kəlimə ilə bu dünyada da bəlalardan, qəzalardan xilas etməyə qadirdir.
Tural İrfan, ilahiyyatçı