"Allah hər şeyə, lazım gələndə özünü göstərməyə də qadirdir" - Tural İrfan yazır

"Allah hər şeyə, lazım gələndə özünü göstərməyə də qadirdir" - Tural İrfan yazır
20 Dek 2024 10:03
Quranın mahiyyətinə görə Allah ehtiyacsızdır və insan ağlı onu tam qavramaqda acizdir. İnsanların ağır səviyyəsinə uyğun nazil edilən bəzi ayələrin zahirinə görə Allahın göydə yaxud hər yerdə mövcud olması barədə kəlam alimlərinin mübahisəsi var.
Bəziləri Allahın göydə, səmaların fövqündə, bəziləri Ərşdə, bəziləri də eyni zamanda bütün məkanlarda olması haqda fikirlər söyləyiblər.
Lakin bu mülahizələri qəti hökm kimi diqtə edənlər Quranın bu mövzudakı əsas meyarını tərk ediblər. Nədir o meyar? O budur ki, Quranda buyurur ki, "Allah ehtiyacsızdır." (İxlas - 2)
Demək onun məkana ehtiyacı yuxdur. Ələlxüsus da ki, Allah əzəldən var olarkən heç bir məkan xəlq edilməmişdi. Məgər o sonradan xəlq etdiyi taxtın, Ərşin yaxud "hər yerin" mövcud olmasından əvvəl məkansız idi, sonradan necə məkana möhtac oldu yaxud ehtiyacı olmadan o naməlum məkanda qərar tutdu? Demək bu yanlış fikirdir və əsasız, Qurana zidd yozumdur.
Hər yerdə olması fikri də yanlışdır. Allah parçalanma və bölünmədən, hüluldan, yəni digər maddələr ilə qarışıb həll olmaqdan münəzzəhdir. Fəqət Quranda buyurulan "O sizə şah damarınızdan da yaxındır" (Qaf - 16) kimi ayələr Allahın bilmək, eşitmək, görmək xüsusiyyətinin, elminin qüdrətinin təzahürü kimi qəbul edilməlidir. Yəni, Allah elmi, qüdrəti, eşidib görməyi ilə hər insana şah damarından yaxındır.
Digər tərəfdən Allah özü Kitabda buyurur ki, "Onun heç bir bənzəri yoxdur." (Şura - 11)
Bu qəti sözün qarşında necə Onu yaratdığına bənzədərək bir qism Ərşin üstündə, bir qism də "hər yerdə" məkan verir? Allah İmadəddin Nəsimi demişkən laməkan, yəni məkansızdır. Məkandan məkana üz çevirməsi, məcazi ya həqiqi mənada yönəlməsi isə mücərrəddir. Necə ki, bəziləri "Rəhman Ərşə istiva etdi (yönəldi, ucaldı)" ayəsini əsas tutub Onun Ərşdə olmasına hökm verirlər.
Bəzi ayələrdə Allah barədə "Səmada olan", "Səmadan gələn" kimi ifadələr işlənib. Bunu əsas tutan zahirçilər Allahın məkanının səmada olduğunu iddia edirlər. Amma bunu qəbul etsək yuxarıda qeyd olunan "Onun heç bir bənzəri yoxdur" və "O ehtiyacsızdır" ayələri ilə ziddiyyət təşkil edəcək. Çünki bulud da səmadadır. Allah özü deyir ki, bənzərim yuxdur. Bəziləri də "səma" sözünü atmosferin və ümumiyyətlə göy təbəqələrinin tam üstü zənn edərək Allaha orada məkan vermək istəyirlər. Bu da yanlışdır. Çünki planetlər də oradadır. Axı Allahın bənzəri yoxdur. Demək onun qərar tutmasının da bənzəri olmamalıdır.
Quranda Allah barədə işlənən "Ərşə ucalmaq", "Səmada olan" kimi təbirlər məcazi xarakter daşıyır və o dövrün insanının şüur və qavrama səviyyəsinə uyğun nazil edilib. Eyni zamanda Ərş, səma maddi mahiyyət daşımaqla paralel ucalıq, sonsuzluq və aliliyi tərənnüm edir.
Allah təala laməkandır, gözlə görünə bilməz. Ancaq qüdrəti sayəsində kainatın fiziki fəlsəfi qanunlarından kənar sistem çərçivəsində istədiyini edə bilər. Gözlə görünməyə ehtiyacı yoxdur, lakin özünü göstərməyə də qadirdir.
Məkanı yoxdur, məkana ehtiyacı yoxdur, amma məkanda qərar tutmağa da qadirdir.
Allahın varlığının tam mahiyyəti bəşəriyyət üçün mücərrəd olduğu üçün bu kimi məsələlərdə yalnız meyar, ölçü, mayak Quran ola bilər. Bu, İslami yöndən belədir. Yox fəlsəfi düşüncə ilə Yaradıcının mahiyyəti haqda azad və açıq fikir yürütmək istəyənlər Qurandan kənar mülahizə yürüdə bilər. Amma bunu, ayələri təhrif edərək, onların həqiqi mənasını hansısa fəlsəfi fikrə, nəzəriyyəyə uyğun gəlsin deyə dəyişənlər yanılırlar.
Quranın süjet xəttini tutmaq və əsl mahiyyətini anlamaq üçün, qaranlıq məqamlara vəhy məntiqi ilə baxmaq, əqidə məsələlərini vəhy mizanı ilə ölçmək üçün Quranı Quranla təfsir etmək vacibdir. Yoxsa bir ayəni götürüb, situativ göstərişi yaxud konkret bir durumla bağlı nazil olmuş hökmü ümuma yaxud bütün dövrlərə, bütün halala şamil etmək olmaz.
Allahın bənzəri, məkanı yoxdur. Çünki bənzəməyə və ya məkana ehtiyacı yuxdur.
Tural İrfan, ilahiyyatçı

Youtube kanalımız