Son 200 ildə İslam aləminin və Türk dünyasının edə bilmədiklərinə sahib çıxan LİDER

Son 200 ildə İslam aləminin və Türk dünyasının edə bilmədiklərinə sahib çıxan LİDER
24 Dek 2024 13:54

Belə bir deyim var ki, “böyük dövlətlərin böyük, kiçik dövlərinsə müdrik siyasəti hesabına uğur qazanılır”. Bu mənada Azərbaycanın bu gün regional güc kimi qəbullanması Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasətinin məntiqi nəticəsidir.

Halbuki, bir zamanlar dörd bir tərəfdən ölkəmizə qarşı basqı vardı. 5 qonşumuzdan 4-ü Azərbaycanın mövcudluğunu belə istəmirdi. Amma bu gün digər qonşularımız bir yana, hətta Ermənistan belə Azərbaycanın diqtə etdiyi reallıqlarla barışmaq zorunda qalıb.

Bütün bunlarsa bir günün uğuru, nailiyyəti deyil. Bu əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və son 20 ildə İlham Əliyev tərəfində yeni çağırışlar müstəvisində uğurla və qətiyyətlə həyata keçirilən uzaqgörən siyasətin məntiqi nəticəsidir.

Təbii ki, Azərbaycanın regional gücə çevrilməsində 44 günlük müharibənin nəticələri müstəsna rola malikdir. O zaman Azərbaycan təkcə öz suveren hüquqlarını və ərazi bütövlüyünü sübut etmədi, həm də dünyaya yeni reallıqları diqtə etdi.

Nəzərə alaq ki, 44 günlük müharibə dövründə  Rusiya Federasiyası ilk dəfə Azərbaycana qarşı loyal münasibət bəslədi. Gürcüstan Ermənistana hava və yerüstü nəqliyyat dəhlizlərini bağladı. İransa ermənipərəst mövqeyindən bir qədər geri çəkildi. Nəticədə, Azərbaycan Fransa və digər ölkələrin dəstəyinə baxmayaraq Ermənistanı diz çökdürdü.

44 günlük müharibənin nəticələri Azərbaycanın Ermənistan üzərində qələbəsi ilə yekunlaşmır. Çünki, 44 gündə son 200 ildə edə bilmədiyimizi etdik.Beləki, son 100 ildə ilk dəfə idi ki, müsəlman ölkəsi hansısa xristian ölkəsinə qalib gəlirdi. Xatırladım ki, Azərbaycan-Ermənistan münaqişəsini ermənilər və onların xristian ağaları çoxdan etnik zəmindən çıxarıb dini müstəvidə müzakirələr aparırdılar. Ermənilər indi də ABŞ-da, Avropada və Rusiyada bar-bar bağırırlar ki, “Biz xristianlığın xilası üçün müharibə aparırıq. Ona görə də hər bir xristian dövlətinin borcudur ki, Ermənistana kömək eləsin”.

Bu baxımdan Azərbaycanın Ermənistan üzərindəki şanlı qələbəsi həm türk dünyasının, həm də islam aləminin uğurudur. Bu, mübaliğəsiz belədir. Amma Azərbaycanın böyük hünərini etiraf etməyə çoxlarının cəsarətləri çatmır.


Nəzərə alaq ki, son 20 ildə xristian aləmi İslam aləmini hərbi poliqona çevirib. Tunisi dağıtdılar, Liviyanı sökdülər, Misiri çökdürdülər, Suriyanı xarabazara çevirdilər, İraqı darmadağın etdilər, İransa can üstündədir. Amma kiçik Azərbaycan ABŞ, Rusiya və Avropanın nəhəng xristian dövlətlərinə qarşı qətiyyət göstərdi.

Fransanın məşhur “Le Monde” qəzeti o zaman manşetə belə bir başlıq çıxarmışdı: “İlham Əliyev çox istiqamətli xarici siyasət yürüdən, vassal olmaq istəməyən bir liderdir”.

Nəşr həmin yazıda İlham Əliyevi Türkiyə və Rusiya prezidentləri ilə müqayisə edərək yazırdı ki, İlham Əliyev hər iki nəhəng dövlətin rəhbərləri ilə eyni səviyyədə dayanıb. Yəni İlham Əliyev hər zaman diqtə edilən tərəf yox, diqtə edən tərəf olub. Bu isə Azərbaycanın milli sərvətidir. Çünki böyük dövlətlər iqtisadi gücləri, kiçik dövlətlər isə intellektual sərvətləri ilə qüdrətli olur.


Fikrimin sübutu üçün başqa bir sitat gətirim. 44 günlük müharibədən sonra Rusiya mediasının ən köklü və ən populyar nəşrlərindən olan “Moskovskiy komsomolets” qəzet yazırdı ki, “bu gün həm Türkiyə, həm də Rusiya Azərbaycanın yanında durmaq istəyir. Çünki Azərbaycanın yanında durmaq ABŞ və Avropaya təsir imkanlarıdır. Eyni zamanda, ABŞ və Avropa üçün Azərbaycanın yanında olmaq əzəli rəqibləri – İran və Rusiyaya güclü təsir imkanları deməkdir. Bu gün Azərbaycanın NATO-ya üzv olması üçün heç bir əngəl qalmayıb. Azərbaycanın bu quruma üzvlük həvəsinin özü hələ həm İran, həm də Rusiya üçün acı sürpriz olar”.

Bütün bunlarsa əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və İlham Əliyevin yeni müstəvidə müasir çağırışları özündə ehtiva edən xarici siyasətinin məntiqi nəticəsidir. Bu, Əliyevlərin hazırladığı böyük azərbaycançılıq ideyalarının cahanşümul zəfəri və təntənəsidir.

44 günlük müharibənin nəticələrini həm də iqtisadi, siyasi və diplomatik gücə çevirən İlham Əliyev Bakını qlobal problemlərin müzakirə mərkəzinə mərkəzinə çevirdi. Qısa zamanda Azərbaycan Qoşulmama Hərəkatına sədr oldu. İlham Əliyevin proqmatik və uğurlu siyasəti hesabına Qoşulmama Hərəkatı özünün yeni bir dövrünə qədəm qoydu. Artıq bu təşkilat dünyada bir güc olaraq qəbul edilir.

Bütün bunlarla paralel Azərbaycan İlham Əliyevin sayəsində Avropa İttifaqının enerji təhlükəsizliyində əsas oyunçulardan birinə çevrildi. Hazırda Aİ-nin 11 üzvü Azərbaycanın strateji müttəfiqidir. Bu isə çox böyük siyasi güc deməkdir.

İlham Əliyev Türk dövlətlərinin birliyinə töhfə verən ən böyük siyasi xadimdir. Məhz onun təşəbbüsü ilə 2009-cu ildə Naxçıvanda Türk Dövləti Təşkilatının əsası qoyuldu. Sonrakı illərdə isə bu təşkilat artıqPakistan və Macarıstan kimi dövlətlərin maraq dairəsinə düşdü. Bu gün Rusiya da bu təşkilatda təmsil olunmaq istəyindədir.

Bu günlərdə isə Azərbaycan D-8 təşkilatına üzv qəbul edildi. Türk dünyasının siyasi-mənəvi birliyinə nail olan İlham Əliyevin növbəti hədəfi İslam birliyini təmin etməkdir.

Və ən nəhayət, bu gün Azərbaycan bəşəriyyətin qlobal problemlərinin müzakirə edildiyi və mühüm qərarların qəbul edildiyi bir məkandır. Məhz COP29-un Bakıda keçirilməsi bunun əyani sübutudur.

Bütün bunlarsa İlham Əliyevin siyasi müdrikliyinin və qətiyyətinin təntənəsidir. İnanırıq ki, Azərbaycan onun rəhbərliyi altında regional gücdən Beynəlxalq aktora çevriləcək. Bu yolda Müzəffər Ali Baş Komandan, Azərbaycanın BÖYÜK oğlu İlham Əliyevə can sağlığı və uğurlar arzulayırıq.

Akif Şahbazov


Youtube kanalımız