Milli Məclisin Səhiyyə
Komitəsinin sədri Əhliman Əmiraslanov, Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov və Səhiyyə komitəsinin üzv
deputatları Kəmaləddin Qafarov, Müşfiq Məmmədli, Anatoliy Rafailov, Günay
Əfəndiyeva, Pərvanə Quliyeva, İlham Məmmədov “Azərbaycan Hava Yolları”
aviaşirkətinin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində
xəsarət alan vətəndaşlarımızı ziyarət edib.
News365.az xəbər
verir ki, deputatlar müalicə almaq üçün Bakıya gətirilən və “Yeni Klinika”ya
yerləşdirilən yaralılar üçün yaradılan şərait və onların səhhəti ilə
maraqlanıb. Deputatlara məlumat verilib ki, yaralılara zəruri tibbi yardımın
göstərilməsi üçün bütün lazımi tədbirlər görülüb, yüksək səviyyəli
müayinə-müalicə prosesi həyata keçirilir. Milli Məclisin Səhiyyə komitəsinin
sədri Əhliman Əmiraslanov “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus
təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirənlərə dərin hüznlə
Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir diləyib. Xəsarət alanlara
tezliklə şəfa tapmasını və doğmalarına qovuşmasını arzulayıb.