Rusiyanın Stavropol diyarında 73 yaşlı yerli sakin cinayətkar birlik yaratmaqda, insan alverində və qeyri-qanuni miqrasiyanın təşkilində təqsirli bilinib. Bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
İşin materiallarına görə, 2019-cu ildə Şpakovski rayonunun sakini üç rayonda və Nevinnomıssk şəhərində fəaliyyət göstərən cinayətkar birlik yaradıb. Dəstə üzvləri çətin duruma düşmüş insanları axtarıb, iş tapmaq və mənzillə təmin etmək bəhanəsi ilə onları heyvandarlıq fermasında işləməyə şirnikləndiriblər. Əslində isə həmin şəxslər yalnız yemək üçün işlədiliblər. Zərərçəkmişlərin sənədləri də əllərindən alınıb.
Müttəhim 2019-cu ildən 2023-cü ilə qədər xarici dövlətin iki vətəndaşı da daxil olmaqla on "alqı-satqı" əməliyyatı aparıb. Amma sonda müqavimət göstərən zərərçəkənlərdən birinin sayəsində bu "qul sxeminin" üstü açılıb.
Stavropol sakini ona qarşı irəli sürülən cinayət işlərində təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin 1 milyon rubl cərimə ödəməlidir.
Tural