2025-ci ildə Azərbaycanda dövlət əsaslı vəsait qoyuluşu hesabına ümumi dəyəri 21,5 milyard manat olan 169 yeni layihənin maliyyələşdirilməsi nəzərdə tutulub.
News365.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisi bu gün keçirilən plenar iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, bu layihələrdən 14-ü yeni, 155-i isə keçid layihələridir.
Bundan başqa, sədr deyib ki, gələn il ümumi dəyəri 798,4 milyon manat olan 85 layihənin başa çatdırılması üçün 267,8 milyon manat vəsait ayrılması planlaşdırılır.
"Bundan əlavə, beynəlxalq qurumlardan layihələrin maliyyələşdirilməsi üçün 895,9 milyon manat vəsait cəlb ediləcək ki, bu da xarici dövlət borcunun artmasına səbəb olacaq”, - deyə V.Gülməmmədov əlavə edib.
Onun sözlərinə görə, 2025-ci ildə dövlət borcuna və öhdəliklərinə xidmət xərcləri üzrə faiz ödənişləri 1,3 milyard manat təşkil edəcək. Bu da, 2024-cü ilə nisbətən 3 dəfə çoxdur. Sədr borc yükünün artımının fiskal dayanıqlığa təsirini azaltmaq üçün əlavə tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.