“Prezident
dünənki müsahibəsində Bakı metropoliteninin 10 yeni stansiyasının inşa ediləcəyi
barədə məlumat verdi. Özü də qeyd etdi ki, həmin 10 stansiyanın tikintisi, bəlkə
də beş il çəkər. Bu məlumat paytaxtın ictimai nəqliyyatının gələcəyinə ümidləri
artırır”.
News365.az xəbər verir ki, bunu nəqliyyat üzrə
ekspert Ərşad Hüseynov deyib. O deyib ki, dəfələrlə vurğuladığımız kimi,
paytaxtda tıxac və elementar yol hərəkəti təhlükəsizliyi probleminin həlli
istisnasız olaraq ictimai nəqliyyatdan asılıdır:
“Mükəmməl
ictimai nəqliyyatsız dayanıqlı mobillik və təhlükəsiz (yəni qəzasız,
ölüm-itimsiz) yol olmur. Ona görə də həm metropolitenə, həm avtobus
marşrutlarına, həm də şəhərətrafı qatarlara ciddi sərmayə qoyulmalı, imkan
daxilində tramvay marşrutları bərpa edilməlidir.
10
yeni stansiyanın harada tikiləcəyi deyilmədi. Lakin Bakının baş planını və
metropolitenin hazırkı vəziyyətini və ikişaf perspektivini nəzərə alanda həmin
stansiyalara harada daha çox zərurət olduğunu deyə bilərik. Düşünürəm ki, Bakı
metropolitenində ən zəruri işlər bunlardır:
1.
Yaşıl və Qırmızı xətlərin ayrılması (yəni Dərnəgül stansiyasından gələn
qatarların “28 May” satansiyasına deyil, C.Cabbarlı satansiyasına və oradan Xətai
satansiyasına keçməsinin təmin olunması);
2.
Dərnəgül deposunun tikilməsi;
3.
Yaşıl xəttin Xətai stansiyasından H.Aslanov stansiyası istiqamətinə yeni
stansiyalarının və Dərnəgül stansiyasından Koroğlu stansiyasına tərəf yeni stansiyalarının
tikilməsi və bundan sonra yaşıl xəttin dairəvi sxeminin təmin edilməsi;
4.
Bənövşəyi xəttin mərkəzə doğru tikintisinin davam etdirilməsi (C.Məmmədquluzadə
küçəsindəki stansiyanın açılışı və ondan sonrakı stansiyaların tikintisi), bu xəttin
Xırdalan istiqamətinə uzadılması (Bakının baş planında bu nəzərdə tutulurdu,
amma plan dərc ediləndən sonra onu hazırlayanlar bunu təkzib etdilər);
5.
Qırmızı xəttin İçərişhər stansiyasından sonra Badamdar istiqamətində, H Aslanov
stansiyasından isə Zığ istiqamətinə inkişafı və s..
Bakı
metrosunun genişlənməsi 10 stansiya ilə məhdudlaşmamlıdır. Metro çox ciddi şəkildə,
özü də daha sürətlə genişləndirilməlidir. Avropanın, Çinin, Yaponiyanın Bakı
kimi şəhərlərinin metro stansiyalarının sayı çoxdan 200-ün üstündədir, hər il
bir neçə stansiya tikilib istifadəyə verilir. Bizdə də dayanıqlı maliyyələşmə
ilə, ən optimal texnologiyaları cəlb etməklə metronu şaxələndirmək lazımdır.
Düzdür, bunun üçün böyük xərclər lazımdır (Bakının baş planında
proqnozladırılan rəqəmlərdən aydın olur ki, bir metro stansiyasının
tikintisinin orta qiyməti 187 milyon manat, bir kilometr ikitərəfli metro xəttinin
tikintisinin orta qiyməti isə 127,5 milyon manatdır, yəni 10 stansiyanın
tikintisinə təxminən 3,5-4 milyard manat pul xərclənməlidir). Amma bu vəsaitlər
metronun inkişafına mütləq yönəldilməlidir, əks təqdirdə Bakının nəqliyyat
sistemi daha da pisləşəcək və paytaxda yaşamaq getdikcə daha çətin olacaq”.
News365.az