Zelenskinin sülh planında 2 əsas düyün qalır

Zelenskinin sülh planında 2 əsas düyün qalır
15:57

Ukrayna Prezidenti Volodimir Zelenski 20 maddəlik sülh planını təqdim edərkən, sənəddə 4 əsas istiqamət üzrə təkliflərin yer aldığını açıqlamışdı. Danışıqlarda tərəflər prinsipcə razılaşsalar da, xüsusilə təhlükəsizlik təminatları və Zaporojye AES-in enerji bölgüsü məsələləri hələ də yekun həllini tapmayıb.

News365.az-a açıqlama verən Oqtay Qasımov bildirib ki, planın ilk bəndi Ukrayna ordusunun gələcək gücləndirilməsi və təlim-təhsil prosesinə tərəfdaşların dəstəyini nəzərdə tutur:


“Zelenski birinci istiqamətdə vurğulayırdı ki, Ukrayna ordusu 800 min şəxsi heyət gücünü qoruyub saxlayıb və bu ordunun gələcəkdə gücləndirilməsi, modern təlimlərlə hazırlanması üçün tərəfdaş ölkələr üzərinə öhdəlik götürməlidir. Avropa buna prinsipcə razıdır. Çünki Avropa yaxşı anlayır ki, Rusiya ilə Avropa arasında təhlükəsizlik divarı rolunu məhz Ukrayna oynayır. Güclü Ukrayna ordusu Avropanın təhlükəsizliyi üçün əsas təminatlardan biridir.”

Politoloq qeyd edib ki, ABŞ-ın Avropaya verdiyi təhlükəsizlik zəmanəti 80 ildir davam etsə də, son dövrdə bu təsirin nisbətən zəifləməsi Avropada narahatlıq yaradır:

“ABŞ-ın təhlükəsizlik təminatı onilliklərdir mövcuddur, amma indi müəyyən qədər zəifləmə müşahidə olunur və Avropa bundan narahatdır. Bu baxımdan Ukraynanın hərbi gücünün dəstəklənməsi Qərb üçün strateji məsələdir.”

İkinci istiqamət isə təhlükəsizlik təminatları ilə bağlıdır. Oqtay Qasımov bildirib ki, Zelenskinin əsas tələbi ABŞ zəmanətinin NATO-nun 5-ci maddəsinə uyğun formatda təsdiqlənməsidir:

“Zelenski istəyir ki, ABŞ-ın verdiyi təhlükəsizlik zəmanəti prezident fərmanı və ya müvəqqəti bəyanat yox, məhz Konqres və parlament tərəfindən qəbul olunmuş rəsmi qanun və qərar mexanizmi ilə təmin edilsin. Prinsipcə bu bənd razılaşdırılır, amma müddət məsələsində fikir ayrılığı qalır. ABŞ bunu daha çox 15 illik təminat kimi görür. Ukrayna isə əvvəl 50 il tələb edirdi, sonra 30–50 il variantı müzakirə olundu. Hazırda 30 il üzərində kompromis ehtimalı var. Lakin Tramp administrasiyası daha çox 15 il variantını müdafiə edir.”

Politoloq vurğulayıb ki, ABŞ Konqresində bu mövqini dəstəkləməyən qanadlar da var:

“ABŞ-da həm Konqres dinləmələrində, həm də partiyadaxili müzakirələrdə Ukraynaya daha uzunmüddətli dəstək vermək istəyənlər də var. Trampın mövqini bütün respublikaçılar bölüşmür. Demokratların da bu prosesdə öz mövqeyi olacaq. Bu səbəbdən 15 illik təminat hələ yekun razılıq sayıla bilməz.”

Oqtay Qasımov üçüncü və dördüncü istiqamətlərin əsasən enerji və siyasi bloklara qoşulmamaqla bağlı olduğunu xatırladıb. Onun sözlərinə görə, Trampın sülh yanaşmasında Zaporojye Atom Elektrik Stansiyasının enerjisinin Rusiya ilə Ukrayna arasında paylaşılması bəndi yer alır:

“Tramp planında Zaporojye AES-in istehsal etdiyi enerjinin Rusiya və Ukrayna arasında bölüşdürülməsi nəzərdə tutulur. Zelenski isə əvvəl bunu Ukrayna və ABŞ arasında bölüşdürməyi təklif etmişdi. Amma Zelenski də bilir ki, bu təklif dolayısı ilə Rusiyaya çıxan bir mesaj idi. Ona görə də bu bənd hazırda danışıqların ən çətin və açıq qalan mövzularından biridir.”

Politoloq yekunda bildirib:

“Planın əsas mahiyyəti aydındır, amma real sülhün əldə olunması üçün təhlükəsizlik təminatlarının hüquqi mexanizmi və Zaporojye AES-in enerji bölgüsü məsələləri həlledici olacaq. Bu iki düyün açılmadan digər bəndlərin tətbiqi mümkün görünmür.”


Sizin reklam burada
Sizin reklam burada