Həm ölkəmizdə, həm də dünyanın bir çox yerində müxtəlif markalar tərəfindən istehsal edilən yuxu çayları geniş yayılıb. İnsanlar rahat bir yuxu üçün papatya, kediotu kökü, manolya kimi bitkilərlə hazırlanan çaylara, həmçinin maqneziumlu qəhvə, ashwagandha tərkibli isti şokolad və ya mantarlı chai latte kimi içkilərə üz tuturlar. Bu içkilərin rahatlamağa və yuxu keyfiyyətini artırmağa kömək etdiyi iddia edilir. Lakin, bu iddiaların nə dərəcədə elmi əsaslara söykəndiyini araşdırmaq üçün mütəxəssislərin fikirlərinə nəzər saldıq.
2024-cü ildə aparılan araşdırmalara əsasən, hər 10 yetkindən 9-u müəyyən dərəcədə yuxu problemləri yaşayır. Bu da insanları yuxunu yaxşılaşdırmağa kömək edəcək müxtəlif metodlara üz tutmağa vadar edir. Xüsusilə, təbii bitki çaylarına və digər yuxu gətirən içkilərə tələbat artır. Lakin bu məhsulların yuxu keyfiyyətinə təsiri haqqında elm adamları arasında fikir ayrılıqları mövcuddur.
Yuxu tədqiqatçısı, psixoloq və nevroloq Dr. Lindsay Browning The Telegraph nəşrinə verdiyi açıqlamada bu cür çayların istifadəsinin zərərli olmadığını, lakin yuxu problemlərinin həlli üçün elmi sübutların yetərli olmadığını bildirib:
"Yatmazdan əvvəl bir fincan çay içməyiniz və ya yuxu gətirdiyi deyilən əlavələri sınamağınızda heç bir problem yoxdur. Lakin, ‘bütün insanların yuxu problemlərini həll edəcək’ kimi ümumi bir nəticə çıxarmaq doğru olmaz. İnsanlar rahat bir həll yolu axtardığı üçün bu cür içkiləri almağa meyllidirlər, lakin elmi araşdırmalar onların yuxu üzərində güclü təsirə malik olduğunu göstərmir. Əslində, yuxusuzluğun ən effektiv müalicəsi bilişsel davranış terapiyasıdır” – deyə Browning bildirib.
Yuxu və sirkadiyen ritm mütəxəssisi Dr. Kat Lederle isə yuxu çaylarının insanı rahatlaşdıraraq beyinə “yatmaq vaxtıdır” siqnalı verməyə kömək edə biləcəyini qeyd edib:
"Özünüz üçün yatmazdan əvvəl içməkdən zövq alacağınız bir çay və ya içki seçin və bunu bir ritual halına gətirin. Beləliklə, bədəninizi və beyninizi rahatlamağa təşviq etmiş olarsınız. Çayın tərkibi qədər, içdiyiniz mühitin rahat olması və yuxu rejiminə uyğun atmosfer yaratmağınız da vacibdir."
Bəs ənənəvi olaraq yuxu gətirdiyi düşünülən içkilər? Onların yuxuya təsiri barədə elmi araşdırmalar nə deyir?
Süd və yuxu arasındakı əlaqə
Kolumbiya Universitetində aparılan araşdırmaya görə, süd məhsullarının istehlakı ilə daha yaxşı yuxu keyfiyyəti arasında müsbət əlaqə var. Araşdırmaya əsasən, daha çox süd istehlak edən və asudə vaxtlarını fiziki fəaliyyətlə keçirən şəxslərin yuxu keyfiyyəti daha yüksək olub.
Qidalanma üzrə mütəxəssis Sofi Trotman süddə olan triptofan adlı amin turşusunun serotonin istehsalında istifadə edildiyini, serotoninin isə melatonin hormonu ilə əlaqəli olduğunu bildirib. O, "Yuxunun tənzimlənməsi baxımından süd həqiqətən faydalıdır" – deyə qeyd edib.
Bundan əlavə, maqnezium, B vitamini və digər qida maddələri ilə zənginləşdirilmiş malt içkilərinin də rahatlamağa kömək etdiyi, südlə qarışdırıldıqda isə yuxu keyfiyyətini artırdığı bildirilir. Lakin, Browning bəzi bu tip içkilərin yüksək şəkər tərkibinə malik olduğunu və bunun yuxu rejiminə mənfi təsir edə biləcəyini vurğulayıb.
Dr. Lederle isə əlavə edib:
"Bir stəkan isti süd və ya bitki çayı yuxu üçün psixoloji rahatlıq təmin edə bilər. Əgər papatya çayını xoşlamırsınızsa, sadəcə 'faydalıdır' deyə içməyə məcbur etməyin. Rahatlamağınıza kömək edəcək içkini seçin."
Dr. Browning isə yuxudan əvvəl içilməsi üçün ən ideal içkinin məhz süd olduğunu bildirib:
"İlıq süd içmək bədənin temperaturunu artıraraq yuxuya keçidi asanlaşdıra bilər. Həmçinin, bəzən insanlar ac olduqları üçün yata bilmir. Süd həm də qida mənbəyidir. Ystmazdan əvvəl bir stəkan içsəniz, aclığınızı yatışdıracaq və daha rahat yuxuya gedəcəksiniz."
Üstəlik, süddə olan zülal gecə boyunca tox qalmağa kömək edərək, yuxu arasında oyanıb yemək yemək ehtiyacını da azaldır.
Papatya
Papatyanın yuxuya kömək etdiyi inancı 2000 il əvvələ gedib çıxır. Antik Romada həkimlər yuxu problemi olan insanlara papatya tövsiyə edirdilər. 2024-cü ildə Complementary Therapies in Medicine jurnalında yayımlanan araşdırmada papatyanın gecə oyanma hallarını azaltdığı, ancaq yuxu müddəti və keyfiyyəti üzərində təsir göstərmədiyi müəyyən olunub.
Sofi Trotman papatyada apigenin adlı antioksidantın mövcud olduğunu və bunun stress hormonlarını azaldaraq rahatlamağa kömək etdiyini bildirib.
Maqnezium
Son dövrdə maqnezium əsaslı içkilər və əlavələr populyarlıq qazanıb. European Society of Medicine jurnalında 2024-cü ildə aparılan bir araşdırma maqneziumun yuxu keyfiyyətini, müddətini və psixoloji rahatlığı artırdığını göstərib.
Bununla belə, Dr. Lederle qeyd edir ki, əgər insanın bədənində maqnezium səviyyəsi normaldırsa, əlavə maqnezium qəbul etməyin plasebo təsirindən başqa bir faydası olmayacaq.
Ümumiyyətlə, yuxu çayları və digər rahatlaşdırıcı içkilər yatmazdan əvvəl sakitləşməyə kömək edə bilər. Lakin, onların yuxusuzluğu tamamilə aradan qaldırdığına dair elmi sübutlar kifayət qədər güclü deyil. Əgər ciddi yuxu problemləri yaşayır və yuxusuzluğun öhdəsindən gələ bilmirsinizsə, ən yaxşı həll yolu mütəxəssisə müraciət etməkdir.