"Ağcabədidə 13 yaşlı qızın
24 yaşlı bir pedofildən dünyaya uşaq gətirməsi ictimai müzakirələrə səbəb olub.
Bu vəziyyət bir neçə ciddi hüquqi və sosial məsələnin gündəmə gəlməsinə yol
açıb".
News365.az xəbər verir ki, bu barədə
"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə
"Facebook"da yazıb.
O
bildirib ki, məhkəmənin hökmü ilə, cinayətə görə pedofil altı il azadlıqdan
məhrum edilib, lakin o, şərti cəza çəkməklə sınaq müddətinə azadlığa buraxılıb:
"Bu
gün həmin şəxs 13 yaşlı qızla bir evdə yaşayır və qız 18 yaşa çatdıqdan sonra
onunla evlənməyi gözləyir. Bu vəziyyətin ortaya çıxardığı sual isə qanunun və
cəzanın nə dərəcədə tətbiq olunduğudur. Qızın ailəsi ondan imtina edib. Ailə
niyə uşağının hüquqlarını müdafiə etmir? Həmin ailə mütləq şəkildə icra
hakimiyyətinə müraciət etməli və uşağın reabilitasiyasını təmin etməlidir. Bu
şəraitdə qızın müdafiəsi necə təmin olunur, hüquqları necə qorunur?".
Birliyin
rəhbəri onu da əlavə edib ki, qızın təhsil aldığı məktəbin direktoru uşağın
hamiləlik vəziyyətinə nəzarət etmədiyinə görə işdən çıxarılıb. Amma bu, dərsə
gəlməmə məsələsinin təhsil məsələsi olduğunu göstərir:
"Məktəb
direktoru, uşaq üçün təhlükəli vəziyyətin qarşısını almaqda necə məsuliyyət
daşımır? Bu məsələlər daha geniş təhsil siyasətinin zəif tərəflərini göstərir.
Sonunda isə bir daha sual yaranır: Regionlarda qanun işləmir, yoxsa əxlaq və
ənənələr qanunu təhrif edərək, ört-basdır edir? Bu cür məsələlərdə qanunu pozan
məmurlar və qeyri-kafi müdaxilələr ciddi narahatlıq doğurur. Bu vəziyyət, erkən
evliliklərin qarşısını almaq üçün edilən qanun dəyişikliyinə qarşı bir təhdid
yaradır. Çünki qanunlar artıq pozulub və hər şeyin yavaş-yavaş normal qəbul
edildiyi bir mühitə çevrilib".