Baş Dövlət Yol Polisi İdarəsi yolların buz bağlama ehtimalı ilə bağlı xəbərdarlıq edib.
Qurumdan News365.az-a verilən xəbərə görə, bir neçə gün davam edən əlverişsiz hava şəraiti nisbətən sabitləşsə də, ötən günlər yağan qarın yaratdığı fəsadlar hələ də qalmaqdadır.
Qeyd edilib ki, xüsusilə dağlıq və dağətiyi rayonlarda, eləcə də səhər və axşam saatlarında külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə yolların buz bağlama ehtimalı sürüşmə riskini dəfələrlə artırır.
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərdən yollarda buzlaşma ehtimalını unutmamağı, texniki-təhlükəsizlik baxımından yararsız, mövsümə uyğun təchiz edilməmiş avtomobillərlə yola çıxmamağı, səfərləri mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşurutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edib.