Yeni geosiyasi istiqamət: Çin və Türk Dövlətləri Təşkilatı əsas vektorlardır

Yeni geosiyasi istiqamət: Çin və Türk Dövlətləri Təşkilatı əsas vektorlardır
08 Yan 2026 16:50

Prezident İlham Əliyevin son müsahibəsi ölkənin xarici siyasət xəttinin əsas konturlarını bir daha göstərdi. Müsahibədə həm regional proseslər, həm də böyük güc mərkəzləri ilə münasibətlər fonunda Azərbaycanın strateji seçimləri diqqətə çatdırıldı. Ekspertlərə görə, dövlət başçısının mesajları qarşıdakı illərdə diplomatik kursun mühüm istiqamətlərinin anonsu kimi dəyərləndirilə bilər.

Milli Məclisin deputatı Hikmət Babaoğlu News365.az-a bildirib ki, müsahibədə Prezidentin dünya siyasətinə dair yanaşmaları, o cümlədən əsas geosiyasi güc mərkəzləri ilə əlaqələrə baxışı yer alıb. Onun sözlərinə görə, dövlət başçısı xüsusilə Çin–Azərbaycan münasibətlərini son illərin ən mühüm diplomatik nailiyyətlərindən biri kimi qiymətləndirib.

Deputat vurğulayıb ki, həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də ikitərəfli və üçtərəfli formatlarda əməkdaşlıq getdikcə daha da dərinləşir. Bu istiqamətlər 2025-ci ildə formalaşdırılmış strateji platformanın əsas dayaqlarını təşkil edir və məhz bu baza üzərində 2026-cı il və sonrakı mərhələlər üçün xarici siyasət prioritetləri müəyyənləşdirilir.

Hikmət Babaoğlunun sözlərinə görə, Prezident xarici siyasət kursunda Türk dünyasının prioritet statusunu bir daha təsdiqləyib və bu coğrafiyanı “bizim ailəmiz” kimi səciyyələndirib:

“Bugünkü mürəkkəb beynəlxalq proseslər fonunda etnik, tarixi və mədəni bağlı olduğumuz məkanın strateji güc mərkəzinə çevrilməsi üçün Azərbaycan və Türkiyə əsas hərəkətverici qüvvə rolunu oynayır. Artıq bu istiqamətdə yerinə yetirilmiş işlər öz nəticələrini göstərməkdədir və gələcəkdə regionda söz sahibi olmaq imkanlarımızı daha da artıracaq”.

Deputat sonda qeyd edib ki, bu prosesin əsas tərkib hissələrini iqtisadi, təhlükəsizlik və kommunikasiya xətti üzrə əməkdaşlıq təşkil edir. Onun fikrincə, məhz bu üç komponentin birləşməsi Türk Dövlətləri Təşkilatının coğrafiyasını yaxın illərdə qlobal siyasətin mühüm strateji məkanlarından birinə çevirə bilər.


Sizin reklam burada
Sizin reklam burada