Son günlər ABŞ-İran münasibətlərindəki gərginlik hər iki tərəfdən səslənən kəskin bəyanatlar fonunda yüksələn xətlə davam etməkdədir.
Bununla bağlı "Azad İran" "YouTube" kanalı videosüjet hazırlayıb.
Qeyd olunur ki, istər ABŞ Prezidenti Donald Tramp, istərsə də digər ölkə rəsmiləri İranın nüvə proqramı ilə bağlı problemin həlli üçün "ya müzakirə, ya da müharibə" dilemmasını Tehranın qarşısında daha qətiyyətlə qoymağa başlayıblar. İrandan verilən reaksiyalar da öz kəskinliyi baxımından geri qalmır.
Əvvəlcə xarici işlər naziri Abbas Əraqç; Vaşinqtonun müharibə təhdidinə "İranın nüvə proqramı hərbi əməliyyat yolu ilə məhv edilə bilməz" - şəklində cavab verib.
Daha sonra ölkə Prezidenti Məsud Pezeşkian Trampa müraciətlə "Mən ümumiyyətlə, səninlə danışıq aparmağa gəlmirəm, nə qələt etmək istəyirsən, et!" - deyə bəyan edib.
Nəhayət, martın 12-də İranın Ali rəhbəri Seyid Əli Xamenei tələbələrlə görüşündəki çıxışı ilə, demək olar, ABŞ ilə danışıqlar ehtimalının üzərindən xətt çəkib.
Maraqlıdır ki, həmin çıxışdan bir neçə saat sonra Donald Trampın İran rəhbərinə ünvanladığı və hələ ötən həftədən anonsunu verdiyi məktubu Tehrana yetişib: Birləşmiş Ərəb Əmirlikləri prezidentinin diplomatik müşaviri Ənvər Qərqaş ABŞ dövlət başçısının məktubunu Abbas Əraqçıya təqdim edib, amma Xamenei əslində qeyd olunan çıxışı ilə öncədən Trampın məktubuna cavab vermişdi. Tanınmış İran jurnalistinin dəqiq müşahidəsinə görə, həmin çıxışla "məktub açılmazdan qabaq cavabını alıb!".