Qarşıma bir video çıxdı: Türkiyədə bir dəstə başı sarıqlı, əyni xələtli molla düşüb küçələrə kafe-restoranlarda yemək yeyən adamları tənbeh edib oruc tutmağa məcbur edirdilər. Adamlar oturub istirahət edir, bəlkə müsafirdir, bəlkə xəstədir, bəlkə ateistdir, bəlkə deistdir... Bunlar da düşüb camaatın üstünə, sorğu - sual edirlər. Bax beləcə iyrəndirirlər cəmiyyəti, ziyalı təbəqəni dindən.
Tutaq ki, bir professor ölkənin ucqar bölgəsindən konfransa gəlib. İndi bir hovur
oturub kofe içə-içə qəzetə baxdığı yerdə orta əsr ərəb qiyafəsində olan bir sürü cahil molla masasının başının üstünü kəsirib başlayayır tərs - köndələn suallar verməyə, istintaq aparmağa? Necə dözəsən? Adamı danlayanda da gərək özündən savadlısı, özündən üstünü, özündən günahı az olan danlaya. Yoxsa heç bir işin, peşənin, sənətin sahibi olmayıb sıpa kimi qarnını yoğunladan cahil və nadan xurafatçılar yox.
Saxta din adamları, xurafatçı zümrə cəmiyyəti inkişaf etməyə imkan vermir heç zaman. Çirkindirib dindən ikrah etdirirlər normal adamları. O qədər cahil, o qədər dar düşüncəlidirlər, elə zənn edirlər ki, bunlar hamıdan savadlıdır.
Dünən manatlıq taksiyə oturan kimi gördüm təqribən 60 yaşlarında olan sərnişin telefonda kimləsə dalaşır. Xeyli həngamədən sonra məlum oldu ki, bu yazıq 8 mart günü bütün qadın qohumlarına həmişəki kimi təbrik mesajı yollayıb. Sən demə keçən ilki bayramdan sonra bu qohumlardan bir neçəsi "dindar" olub. İndi kişini öldürürlər ki, 8 mart müsəlman bayramı deyil, sən niyə təbrik edibsən qadınları... Bu da deyir, axı hər il təbrik edirdim, heç kim etiraz etmirdi, hamı bu bayramda qadınları təbrik edir burada nə böyük qəbahət var ki...
Nə isə, sonra da həmin qohumunun qardaşı zəng etdi ki, sən nahaq təbrik edibsən, görürsən ki, onlar dindardır. Onunla da bir mübahisə düşdü, kişinin şəkəri qalxdı, 20 yanvarda düşəcəkdi, Şamaxı yolunda dedi bala, ürəyim sıxıldı, saxla mən düşüm. Bir tərəfə əyilmiş formada ürəyini tuta - tuta getdi...
Budur dinin nəticəsi? Xeyr, bu din deyil və ola da bilməz. İndi o kişini sabah kimsə dinə, namaza, oruca dəvət edə bilər? Xeyr, çünki telefonu söndürəndə elə söz işlətdi ki, hansı qərara gəldiyi məlum idi.
Bax beləcə iyrəndirirlər camaatı. Ailələri, nəsilləri bir - birinə vururlar. İnsanları cəhalətə, mövhumata sürüyürlər. Ona görə ki, oxumadan, anlamadan əməl etməyi, inanmağı təbliğ edirlər.
Din, inanc elə bir şeydir ki, ələlxüsus da müasir zamanda, gərək insan özü araşdırsın, oxusun, öyrənsin, hərtərəfli anlayandan sonra ibadət və itaətə qərar versin.
Tural İrfan, ilahiyyatçı yazar