Bir neçə gündür müğənni Nura Suri sosial şəbəkədə ard-arda statuslar paylaşaraq dövlət tədbirlərinə dəvət almamasından narazılığını dilə gətirir. Onun bu çıxışları sənət cameəsində də dalğa yaradıb.
News365.az-ın məlumatına görə, məsələyə münasibət bildirənlər arasında Xatirə İslam da var. O, uzun illərdir Mədəniyyət Nazirliyinin təşkil etdiyi tədbirlərdə görünmədiyini deyib və xeyli dolğun açıqlama verib:
“Hər zaman söz-söhbətdən qaçmışam, içimdə saxlamışam. Amma bir gün ürəyim çatlayacaq… Mən danışanda dayana bilmirəm. Mən 19 yaşından dünyanın hər yerində Azərbaycanı təmsil etmişəm. O vaxt toylarımı belə təxirə salıb dövlət tədbirlərinə pulsuz gedirdim ki, gələcəkdə kömək edər. Xankəndidə doğulan yeganə ifaçıyam. ‘Xankəndi’ mahnım dillər əzbəridir. Bəs niyə Xankəndidə, Şuşada keçirilən əsas tədbirlərdə mən yoxam? Mən heç kimlə problem yaratmamışam. Yenə də kimin nəyi lazımdırsa, yanındayam”.
Məsələnin aydınlaşdırılması üçün Mədəniyyət Nazirliyinə sorğu göndərilib. Nazirlik isə Xatirə İslamın dediklərini təkzib edən açıqlama yayıb:
“Son bir ildə ifaçıya iki rəsmi tədbir üçün — 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Xankəndi Şəhər Gününə — dəvət göndərilib. Xatirə İslam isə hər iki dəfə şəxsi səbəblərlə iştirakdan imtina edib. Dəvətlərin verilməməsi barədə yayılan iddialar həqiqətə uyğun deyil və faktların təhrifidir”.
Nazirlik həmçinin qeyd edib ki, ictimaiyyəti çaşdıran, faktları manipulyasiya edən açıqlamalar yolverilməzdir və reputasiyaya zərbə vurmaq kimi qiymətləndirilir.
News365.az