Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq Rəssamı, akademik Mikayıl Abdullayevin ölümündən iyirmi iki il keçir.
News365.az xatırladır ki, Mikayıl Hüseyn oğlu Abdullayev 1921-ci il dekabr ayının 19-da Bakı şəhərində anadan olmuşdur. 1939-cu ildə Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1949-cu ildə V.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. Hələ 18-20 yaşlarından böyük sənətkarların diqqətini cəlb edən M.Abdullayev Ə.Əzimzadə, İ.Qrabar, V.Favorskaya, S.Gerasimov və digər görkəmli rəssamlardan dərs almışdır. İlk fərdi sərgisi 36 yaşında Moskvada keçirilmiş, həmin vaxtdan da şöhrətin zirvəsinə ucalmışdır. SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, SSRİ Rəssamlar İttifaqının katibi seçilmişdir.
Mikayıl Abdullayev əli fırça tutandan son nəfəsinə qədər yalnız istedadına, zəhmətinə güvənmişdi. Qazandığı fəxri adlar, titullar arasında ona ən çox yaraşanı isə kövrək qəlbli, zərif duyğulu bir insan olması idi…
Rəssamlarımız arasında M.Abdullayev kimi ikinci bir fırça ustası tapılmaz ki, öz yaradıcılığı ilə klassik və müasir Azərbaycan ədəbiyyatına möhkəm tellərlə bağlı olsun. O, dahi Nizamidən tutmuş bu gün yazıb-yaradan şair və nasirlərimizə qədər bir çox sənətkarın portretini yaratmış, əsərlərinə illüstrasiyalar çəkmişdir. Rəssamın kitab qrafikasında Azərbaycan ədəbiyyatı nümunələri böyük yer tutur. Şifahi xalq ədəbiyyatından “Kitabi-Dədə Qorqud”, “Molla Nəsrəddinin lətifələri”, yazılı ədəbiyyatımızdan “Leyli və Məcnun”, “Danabaş kəndinin məktəbi”, “Poçt qutusu”, “Gələcək gün”, “Şamo” və s. əsərlərə çəkdiyi illüstrasiyalar Azərbaycan kitab qrafikası sənətinin bitkin nümunələridir.
1941-1945-ci illər müharibəsi dövründə çəkdiyi kompozisiya və portretlərində alovlu vətənpərvərlik duyğularını tərənnüm etmişdir. Müharibədən sonrakı illərdə Mikayıl Abdullayevin yaradıcılığı daha da püxtələşmişdir. Müasirlərimizin mənəvi gözəlliyini, doğma təbiəti təsvir edən “Axşam”(1947), “Mingəçevir işıqları”(1948), “Səadət quranlar”(1951) tabloları ölkəmizdə və xaricdə müvəffəqiyyət qazanmışdır. “Körpəsinin ardınca”, “Manqabaşçısı Rəxşəndə”(1955) və s. tablolarda müasir kənd adamları təsvir olunmuşdur. “Sevinc” tablosu ana məhəbbətini əks etdirir.
Mikayıl Abdullayevin yaradıcılığıda xarici ölkə motivləri də geniş yer tutur. 1956-71-ci illərdə Hindistan, Əfqanıstan, Macarıstan, Polşa, İtaliya və s. ölkələrə səfər zamanı çəkdiyi rəsmlər silsiləsində milli və fərdi xarakteristika, plastika, kolorit zənginliyi əsas yer tutur. Əsasən tematik tablolar ustası kimi tanınan Mikayıl Abdullayev portretlər qalereyası yaratmışdır. Portretlərində təsvir etdiyi şəxsiyyətlərin daxili aləminə, psixologiyasına nüfuz etmiş, onların xarakterini ustalıqla aça bilmişdir.
Mikayıl Abdullayevin əsərləri Paris, London, Praqa, Sofiya, Varşava, Qahirə, Belqrad və s. şəhərlərdə nümayiş olunmuş, Leypsiq, Berlin, Dehli, Madrid, Milan, Kioto şəhərlərində fərdi sərgisi keçirilmişdir. Onun əsərləri Drezden, Tretyakov qalereyalarında, dünyanın bir çox muzeylərində və şəxsi kolleksiyalarda qorunur, Bottiçelli, Sezan, Deqa, Qoya, Leonardo da Vinçi kimi məşhur klassiklərin əsərləri ilə yanaşı dünya kataloqunun ilk səhifəsini bəzəyir.
Xalq rəssamının yaradıcılığında metronun “Nizami” stansiyası, “Abşeron” mehmanxanası və “Gülüstan” sarayının interyerinin tərtibatı xüsusi yer tutur.
Azərbaycan rəssamlıq sənətinin unudulmaz nümayəndəsi, SSRİ Dövlət və Beynəlxalq Nehru mükafatı laureatı, “İstiqlaliyyət” ordenli, Azərbaycan və SSRİ-nin Xalq Rəssamı, yüzlərlə monumental əsərin müəllifi Mikayıl Abdullayev 2002-ci il avqustun 21-də 81 yaşında dünyasını dəyişmişdir. Lakin onun işıqlı xatirəsi qədirbilən xalqımızın qəlbində yaşayacaq, rənglər dünyasının əbədi sakini kimi daim xatırlanacaqdır