Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev və Cəmil Nəcəfovun xatirələrinə həsr olunan anım mərasimləri keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə Nazirliyinin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, məktəblilər və digər qonaqların iştirak etdiyi mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı parlaq Qələbədən, Vətən müharibəsində igid oğullarımızın göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən danışıblar.
Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Anım mərasimlərində şəhidlərimizə həsr olunan şeirlər, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.