Son illərdə gənclər arasında dini dəyərlərə maraq artıb. Hər 3 gəncdən biri artıq ibadətlə məşğuldur. Amma dini biliklərin azlığı və yanlış təbliğat gəncləri qeyri-sağlam təriqətçiliyə meyilləndirir. Təsadüfi deyil ki, bu gün onlarla gənc radikal islam qruplarına qoşulub. Bütün bunlara səbəbsə gənclərdə zəriri və ilkin dini biliklərin olmamasıdır. Ona görə də orta məktəblərdə müəyyən dini biliklərin tədris olunması vacibdir.
Mövzu ilə bağlı News365.az-a Millət vəkili Ceyhun Məmmədov məktəblərdə dini dərslərin keçirilməsinin əhəmiyyəti haqqında danışıb.:
Dinə meyillənmə artır
“Məsələnin mahiyyəti bəzən qarışdırılır. Bəziləri düşünür ki, söhbət orta məktəblərdə gənclərin dinə meyillənməsindən, onları dinə yönləndirməkdən gedir. Mən dəfələrlə qeyd etmişəm ki, burada məqsəd bu deyil. Bu gün Azərbaycan cəmiyyətində dinə ciddi maraq var. Kütləvi şəkildə insanlar dinə meyil göstərirlər. Amma bəzi hallarda bu proses yanlış istiqamətə yönəlir.”
Radikal təsirlər və problemlər
“Son illərdə xarici radikal təriqətlərin, müəyyən məzhəblərin təsiri altına düşən gənclərimiz olub. Təəssüf ki, artıq minlərlə Azərbaycan vətəndaşı Suriyada və İraqda gedən döyüşlərdə iştirak edib. Bu, çox ciddi rəqəmdir. Hətta bu gün də həmin ölkələrdə olan vətəndaşlarımızı tam şəkildə ölkəmizə qaytara bilmirik. Analar, ailələr bu prosesin təsirindən qurtula bilmir. Dövlətimiz nə qədər çalışsa da, bəzi ailələrdə dövlətçiliyə və insanlığa qarşı radikal mövqelər davam edir.”
Maarifləndirmə məqsədi
“Məktəblərdə məqsəd gənclərə dinin mahiyyətini, müxtəlif dinlər haqqında ümumi məlumatları çatdırmaqdır. Məsələn, İslam nədir? Xristianlıq nədir? Yəhudilik nədir? Bu məlumatların verilməsi dinlər arasındakı fərqləri anlamaq üçün vacibdir.”
Azərbaycanda dini müxtəliflik
“Son illərdə Azərbaycanda müxtəlif dinlərin tərəfdarlarının sayı artmaqdadır. Məsələn, son illər 7-8 min azərbaycanlı xristianlığı qəbul edib. Azərbaycan dünyəvi ölkədir və hər kəs öz dinini sərbəst seçmək hüququna malikdir. Lakin bu rəqəmlər ciddi maarifləndirmənin vacibliyini göstərir.”
Ceyhun Məmmədov vurğulayıb ki, dini biliklərin düzgün və sistemli şəkildə verilməsi, həm gəncləri radikal təsirlərdən qorumaq, həm də cəmiyyətdə dini müxtəlifliyə və tolerantlığa töhfə vermək baxımından böyük əhəmiyyət daşıyır.