Venesuela Prezidenti Nikolas Maduro bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edərəb, bütün ölkəni ABŞ-nin imperialist təcavüzünü məğlub etmək üçün səfərbər olmağa çağırıb. News365.az «LeFigaro.fr»ə istinadən xəbər verir ki, bu barədə Venesuelanın rəsmi bəyanatı Karakasda baş verən ilk partlayışlardan təxminən iki saat sonra dərc edilib.
Venesuela ABŞ-ı "müstəmləkə müharibəsi" aparmaqda ittiham edir
Venesuela hökumətinin rəsmi açıqlamasında qeyd olunur : "Bu hücumun məqsədi Venesuelanın strateji sərvətlərini, xüsusən də neft və minerallarını ələ keçirməkdən başqa bir şey deyil. Ölkənin siyasi müstəqilliyini güc yolu ilə pozmağa cəhd etməkdir, lakin uğur qazana bilməyəcəklər. İki yüz ildən çox müstəqillik qazandıqdan sonra xalq və onun qanuni hökuməti suverenliyi və öz müqəddəratını təyin etmək kimi ayrılmaz hüququnu müdafiə etməkdə qətiyyətlidir. Respublikaçı idarəetmə formasını məhv etmək və faşist oliqarxiyası ilə ittifaqda “rejim dəyişikliyinə” məcbur etmək üçün müstəmləkə müharibəsi tətbiq etmək cəhdi əvvəlki bütün cəhdlər kimi uğursuz olacaq”.
Venesuela ABŞ-nin hərbi təcavüzünü pisləyir
Venesuela öz bəyanatında Amerika Birləşmiş Ştatlarının hazırkı hökuməti tərəfindən Venesuela ərazisinə və xalqına qarşı törədilən ciddi hərbi təcavüzü pisləyib. Bəyanata görə, paytaxt Karakasda, eləcə də Miranda, Aragua və La Guaira ştatlarında mülki və hərbi ərazilər təsirlərə məruz qalıb. Bəyanatda vurğulanır ki, bu davranış Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin, xüsusən də suverenliyə hörməti, dövlətlərin hüquqi bərabərliyini və güc tətbiqinin qadağan edilməsini təsbit edən 1-ci və 2-ci maddələrin kobud şəkildə pozulmasıdır. Bu cür təcavüz, xüsusən də Latın Amerikası və Karib dənizində beynəlxalq sülhü və sabitliyi təhdid edir və milyonlarla insanın həyatını ciddi şəkildə təhlükə altına qoyur”.