Ukraynanın uzaqmənzilli raketlərlə Rusiyanı hədəfə alması, hərbi baxımdan düzgün istiqamət deyil.
Bu barədə News365.az-a açıqlamasında hərbi ekspert Şair Ramaldanov bildirib.
Onun sözlərinə görə, bu taktika Rusiyanı dayandırmaq əvəzinə, onu Ukraynanın iri şəhərlərini daha intensiv bombalamağa vadar edir:
“Döyüşlər əsasən təmas xəttində gedir. Rusiyanı orada dayandırmaq üçün uzaqmənzilli deyil, yaxınmənzilli və dəqiq silahlara ehtiyac var. Uzaqmənzilli raketlər Ukrayna ərazisindən atılır və bu da Rusiyaya əsas verir ki, cavab olaraq Ukraynanın dərinliklərində yerləşən yaşayış məntəqələrini hədəfə alsın.”
Ekspert qeyd edib ki, bu yanaşma nəticə vermir, əksinə münaqişənin coğrafiyasını genişləndirir:
“Bəzən Ukrayna Rusiya ərazisinə hücumlar edir, amma nəticə əldə olunmur. Əvəzində, Rusiya həmin hücumları bəhanə edərək daha genişmiqyaslı zərbələr endirir.”
Ramaldanov həmçinin əlavə edib ki, son günlərdə Ukrayna tərəfindən strateji bombardman təyyarələrinin saxlandığı aerodromlara da hücumlar edilib:
“Bir neçə strateji obyektə, o cümlədən zavodlara və aerodromlara zərbələr endirilib. Amma bu hücumların real təsiri və effektivliyi hələ də sual altındadır.”
Ekspertin fikrincə, effektiv müdafiə və qarşı hücum üçün təmas xəttində istifadəyə yararlı, dəqiq və yaxınmənzilli silah sistemlərinə üstünlük verilməlidir